Hər il 28 sentyabr tarixi beynəlxalq jurnalistikanın gündəmində xüsusi yer tutur. Bu gün “World News Day” adı ilə qeyd olunur və əsas məqsədi faktlara söykənən jurnalistikanın əhəmiyyətini önə çəkməkdir. 2025-ci ildə də kampaniyanın şüarı dəyişməz qalıb: “Doğruluğu seç, faktları seç, jurnalistikanı seç.” Dünyanın aparıcı redaksiyaları və qeyri-hökumət təşkilatları bu gün vasitəsilə cəmiyyətə doğru və yoxlanılmış məlumatın dəyərini xatırladır.
İnternetin geniş yayılması, sosial şəbəkələrin dominant mövqeyi, süni intellektin imkanlarının sürətlə böyüməsi və dezinformasiyanın artması fonunda etibarlı jurnalistikaya tələbat heç vaxt indiki qədər vacib olmamışdı. Digər tərəfdən, dünyada demokratiyanın zəifləməsi, mətbuat azadlığının məhdudlaşdırılması və media biznesinin iqtisadi qeyri-sabitliklə üzləşməsi medianın etibarlılığına ciddi zərbə vurur.
Yurd.Media hüquqşünas, tədqiqatçı Əli Qədimov ilə fakt-əsaslı jurnalistikanın mahiyyəti və rolu, medianın etimad böhranının səbəbləri, süni intellekt və dezinformasiya riskləri, maliyyələşmə çətinlikləri və Azərbaycan üçün aktual məsələləri təhlil edib.:
- Əli müəllim, fakt-əsaslı jurnalistikanın cəmiyyət üçün əhəmiyyətini necə qiymətləndirirsiniz və onun ictimai etimadın möhkəmlənməsində rolu nədən ibarətdir?
- Fakt-əsaslı jurnalistika xəbərlərin yalnız etibarlı mənbələr və dəfələrlə yoxlanılmış məlumatlar əsasında hazırlanmasını nəzərdə tutur. Onun əsas məqsədi cəmiyyəti düzgün məlumatlandırmaq, insanları maarifləndirmək və ictimai hesabatlılığı təmin etməkdir. Belə yanaşma ictimaiyyətin baş verən hadisələri daha yaxşı anlamağına, siyasi qərarların mahiyyətini düzgün şərh etməsinə və həm şəxsi həyatını, həm də demokratik prosesləri təhlükəsiz şəkildə formalaşdırmasına imkan verir.
“World News Day” 2025 kampaniyası da məhz bu məqsədlə faktların gücünü ön plana çıxarır. Təşəbbüs jurnalistləri və oxucuları fakt-əsaslı məqalələri paylaşmağa həvəsləndirir. Dünya Redaktorlarının Birliyi və Kanadanın Jurnalistika Fondunun təşkil etdiyi bu kampaniyaya yüzlərlə media qurumu qoşulub. Onların təqdim etdiyi məlumatda vurğulanır ki, “World News Day” fakt-əsaslı jurnalistikanın dəyərini artırmağı, auditoriyaya redaksiyaların ən yaxşı nümunələrini təqdim etməyi və informasiya savadlılığını gücləndirməyi qarşısına məqsəd qoyur. Həmçinin jurnalistlərə və media dəstək təşkilatlarına müraciət edilərək bu təsirin daha da geniş yayılması üçün platformalarını səfərbər etmələri xahiş olunur.
Belə jurnalistikanın cəmiyyət üçün üç mühüm funksiyası var. Əvvəla, məlumatlandırma və maarifləndirmə vasitəsilə insanlara dəqiq və etibarlı xəbərlər çatdırılır ki, onlar hadisələr və proseslər barədə düzgün təsəvvür formalaşdıra bilsinlər. İkincisi, media hakimiyyətin fəaliyyətini izləyərək ictimai nəzarət rolunu yerinə yetirir ki, bu da xüsusilə demokratik cəmiyyətlərdə əvəzsizdir. Üçüncüsü, jurnalistlər faktlara əsaslanan geniş və məsuliyyətli narrativlər təqdim etməklə mövcud baxışların balanslı şəkildə çatdırılmasına şərait yaradır və ictimai debatın sağlam inkişafına töhfə verir.
Bu səbəbdən fakt-əsaslı jurnalistika sadəcə xəbər çatdırmaqla kifayətlənmir, həm də demokratik dəyərlərin qorunmasına, ictimai inamın möhkəmlənməsinə və gələcəyin daha etibarlı şəkildə formalaşmasına xidmət edir.
Hüquqşünas, tədqiqatçı Əli Qədimov
- Son illərdə medianın etimadı ilə bağlı həm azalmanı, həm də artımı göstərən rəqəmlər var. Sizcə, insanların xəbərlərə inamını gücləndirmək üçün medianın hansı addımları atması vacibdir?
- Elədir, son illərdə medianın etimadı ilə bağlı mənzərə olduqca mürəkkəbdir. Bir tərəfdən, bir çox insanlar xəbərlərə şübhə ilə yanaşır. Bunun səbəbləri arasında siyasətçilərin medianı hədəf alması, senzura, dezinformasiyanın ildırım sürəti ilə yayılması və “clickbait” mədəniyyətinin genişlənməsi var. Eyni zamanda bir çox media qurumları maliyyə təzyiqlərini qarşılamaq üçün daha çox sensasiyalı başlıqlara üz tutur ki, bu da etimadı daha da zəiflədir.
Digər tərəfdən, beynəlxalq göstəricilər də mətbuat azadlığının zəiflədiyini təsdiqləyir. “Qlobal Demokratiya Hesabatı 2025” məlumatlarına əsasən, son beş ildə 94 ölkədə demokratiya geriləyib, yalnız üçdə birində müəyyən irəliləyiş olub. Hesabatda deyilir ki, 174 ölkəni əhatə edən təhlildə mətbuat azadlığı son 50 ilin ən kəskin geriləməsini yaşayır və ölkələrin dörddə birində azad medianın vəziyyəti pisləşib. Əfqanıstan, Burkina Faso və Myanma bu geriləmənin ən bariz nümunələri kimi göstərilir. Bu nəticələr göstərir ki, problem təkcə inkişaf etməkdə olan ölkələrə deyil, bütövlükdə qlobal demokratiyaya təsir edən ciddi təhdiddir.
Bununla belə, medianın etimadı məsələsində tamamilə tünd rəngli bir tablo da mövcud deyil. “World News Day” kampaniyası çərçivəsində yayılan məqalələrdən birində də qeyd olunur ki, “etimad azalır” ifadəsi qlobal vəziyyəti tam əks etdirmir. Araşdırmaçılar Luba Kassova və Richard Addy 500 mindən çox onlayn xəbər məqaləsini təhlil edərək aşkar ediblər ki, etimadın azaldığını vurğulayan terminlər, artım və ya sabitlik göstərən ifadələrdən altı dəfə çox işlədilir. Halbuki real göstəricilər daha fərqli mənzərəni ortaya qoyur.
2025-ci ilin Edelman Trust Barometer hesabatında 28 ölkə üzrə medianın etimad göstəricisi 52% olaraq qeyd olunub ki, bu da indiyə qədərki ən yüksək orta nəticədir. Reuters-in hazırladığı “Digital News Report 2025” isə bəzi ölkələrdə diqqətçəkən artımı göstərir: Finlandiyada böyüklərin 67%-i, Danimarkada isə 56%-i xəbərlərə mütəmadi olaraq güvənir. Bu göstəricilər 2020-ci ildən bəri müvafiq olaraq 11 və 10 faiz bəndi yüksəlib. Afrika qitəsində də oxşar tendensiya müşahidə olunur: Nigeriyada əhalinin 68%-i, Keniyada isə 65%-i xəbərlərə etibar etdiyini bildirir. Xüsusilə Keniyada bu göstərici son beş ildə 15 faiz bəndi artıb.
Bütün bunlar göstərir ki, medianın etimadı mövzusunda qlobal reallıq ziddiyyətlidir. Bəzi ölkələrdə etimad azalır, amma bir çox yerdə sabitlik və hətta artım müşahidə olunur. Bununla belə, medianın reputasiyası hələ də kövrəkdir. İnsanların xəbər mənbələrinə ehtiyatla yanaşmasının ən mühüm səbəblərindən biri isə davamlı dezinformasiya dalğalarıdır.
- Bəs Deepfake texnologiyalarının sürətlə yayılması fonunda medianın həqiqəti saxtalaşdırmadan qorumaq üçün hansı ən vacib addımları atması zəruridir?
- Ümumiyyətlə, dezinformasiya, yəni bilərəkdən saxtalaşdırılmış və ya kontekstdən çıxarılmış məlumatların yayılması bu gün internet və sosial media mühitində ən ciddi problemlərdən biridir. Son illərdə generativ süni intellekt texnologiyalarının inkişafı ilə bu sahəyə “deepfake” adlanan yeni təhlükəli məhsullar əlavə olunub. Deepfake alətləri real insanları əks etdirirmiş kimi görünən, amma tamamilə uydurulmuş foto, video və səs faylları yaratmağa imkan verir. Thomson Reuters İnstitutunun nümunə kimi göstərdiyi hadisələr də bunu təsdiqləyir: 2023-cü ilin martında Papa Fransiskin ağ puffer gödəkçədə qondarma fotosu milyonlarla insanı çaşdırdı, 2024-cü ilin yanvarında isə müğənni Taylor Swiftin saxta seksual xarakterli şəkilləri sosial şəbəkələrdə sürətlə yayıldı. Belə halların geniş vüsət alması deepfake texnologiyalarının cəmiyyət üçün ciddi təhlükə yaratdığını açıq göstərir. Çünki bu texnologiyalar diffamasiya, müəlliflik hüquqlarının pozulması, şantaj, seçki proseslərinə müdaxilə və hətta zorakılığa təhrik kimi ağır nəticələrə yol aça bilər.
Deepfake hazırlanması prosesi də olduqca maraqlıdır. Burada generativ adversarial şəbəkələrdən – generator və diskriminatordan istifadə olunur. Generator saxta təsvirlər yaradır, diskriminator isə həmin təsvirlərin saxta olduğunu aşkar etməyə çalışır. Bu iki model bir-biri ilə rəqabət apararaq getdikcə daha real görüntülər hazırlamağı öyrənir. Nəticədə faktla yalan arasındakı sərhədlər bulanıqlaşır və cəmiyyətin informasiya təhlükəsizliyi üçün böyük risk yaranır. Buna görə də medianın belə saxtakarlıqlara qarşı daha möhkəm müdafiə mexanizmləri yaratması vacibdir. Vizual və səs analiz proqramları, xəbər agentliklərinin birgə fakt yoxlama təşəbbüsləri, mənbələrin göstərilməsi və yoxlama standartlarının gücləndirilməsi bu sahədə əsas addımlar hesab olunur.
Bütün bunlarla yanaşı, süni intellektin medianın özündə istifadəsi də müzakirə mövzusudur. Bir tərəfdən, AI jurnalistlərin işini asanlaşdırır, məlumatların təhlili və vizuallaşdırılması kimi vəzifələri avtomatlaşdırır. Digər tərəfdən, insan nəzarəti olmadan avtomatik generasiya edilən xəbərlər etik dilemmalar yaradır və oxucularda “həqiqətin manipulyasiyası” qorxusu doğurur. “World News Day” platformasında da qeyd olunur ki, süni intellekt yalnız jurnalistikanı gücləndirən bir vasitə kimi istifadə olunmalı, həqiqəti təhrif edən bir alətə çevrilməməlidir. Buna görə də AI-nin etik istifadəsi, mənbələrin açıq şəkildə göstərilməsi və informasiya ötürülməsi zəncirinin şəffaflığı müasir media üçün xüsusi əhəmiyyət daşıyır.
- Reklam bazarındakı geriləmələr fonunda media qurumlarının gəlir modellərini daha dayanıqlı etmək üçün hansı alternativ yolları daha perspektivli hesab edirsiniz?
- Haqlısınız, media sektoru son illərdə yalnız informasiya mühitində deyil, həm də iqtisadi sahədə ciddi sınaqlarla üz-üzə qalıb. Reklam gəlirlərinin azalması və ənənəvi maliyyə modellərinin dayanıqsızlığı medianın fəaliyyətini çətinləşdirən əsas amillərdəndir. Uzun müddət reklam əsaslı biznes modelinə arxalanan media qurumları indi rəqəmsal platformaların yüksəlişi, istifadəçi davranışlarının dəyişməsi və qlobal iqtisadi qeyri-müəyyənlik səbəbindən bu dayağını itirir.
2025-ci ilin sentyabrında Interactive Advertising Bureau (IAB) reklam bazarı ilə bağlı proqnozlarını yeniləyərək ABŞ-da böyümə göstəricisini əvvəlki 7,3 faizdən 5,7 faizə endirdi. Bu azalmanın başlıca səbəbləri arasında tariflərin tətbiqi və makroiqtisadi sabitliyin zəifliyi göstərilir. Araşdırmaya görə, alıcıların 91 faizi tariflərin reklam xərclərinə təsirindən narahatdır, xüsusilə də avtomobil, pərakəndə ticarət və istehlak elektronikası sahələrində fəaliyyət göstərən şirkətlərin 62–69 faizi yaxın gələcəkdə xərclərin azalacağına inanır.
Hesabatda diqqət çəkən başqa bir məqam ənənəvi televiziya reklamlarının 2025-ci ildə 14,4 faiz geriləyəcəyi proqnozudur. Bunun əksinə olaraq sosial şəbəkələr, pərakəndə media və connected TV kimi rəqəmsal kanallar ikirəqəmli böyümə nümayiş etdirəcək. Bu mənzərə aydın göstərir ki, media qurumları gəlir modellərini yenidən nəzərdən keçirməli, abunə əsaslı xidmətlərə, donor dəstəyinə və müxtəlif rəqəmsal monetizasiya üsullarına daha çox üstünlük verməlidirlər.
Beləliklə, medianın gələcəyi təkcə peşəkar jurnalistikanın keyfiyyətindən deyil, həm də onun iqtisadi dayanıqlılığını təmin edə biləcək yeni maliyyə strategiyalarının qurulmasından asılıdır.
- Mediada həyata keçirilən son islahatların əsas məqsədi nədir və bu dəyişikliklərin informasiya məkanında şəffaflıq və etimadın güclənməsinə hansı təsirləri ola bilər?
- Azərbaycanın informasiya siyasətində həyata keçirilən islahatlar media sahəsinin daha şəffaf, peşəkar və dayanıqlı inkişafını hədəfləyir. Son illərdə qəbul edilən yeni media qanunları məhz informasiya məkanında müasir standartların tətbiqinə, hüquqi çərçivənin dəqiqləşdirilməsinə və media subyektlərinin fəaliyyətinin şəffaflığının artırılmasına yönəlib. Bu islahatlar xaricdə qeydiyyatdan keçmiş media qurumlarının lisenziyalaşdırılmasını, fəaliyyət meyarlarının dəqiqləşdirilməsini və milli informasiya təhlükəsizliyinin qorunmasını nəzərdə tutur.
Eyni zamanda, media bazarında sürətlə dəyişən şərtlər – rəqəmsal platformaların yüksəlişi, dezinformasiya dalğaları və sosial şəbəkələrin təsiri yeni yanaşmalar tələb edir. Dövlətin təşəbbüsləri medianın bu mühitdə daha dayanıqlı fəaliyyət göstərməsi üçün vacib hüquqi baza yaradır. Bu addımlar həm də jurnalistlərin fəaliyyətini qanun çərçivəsində daha aydın şəkildə tənzimləyir, media qurumlarının məsuliyyətini artırır və ictimaiyyətin etibarlı məlumata çıxışını təmin edir.
İnformasiya siyasətində nəzərdə tutulan islahatlar Azərbaycanın milli maraqlarını qorumaqla yanaşı, media sektorunda şəffaflıq, hesabatlılıq və peşəkarlığı ön plana çıxarır. Bu dəyişikliklər medianın ictimai etimadını gücləndirmək, onun milli informasiya məkanında daha effektiv rol oynamasını təmin etmək və qlobal trendlərə uyğun modernləşməsini sürətləndirmək məqsədinə xidmət edir.
- Sizcə, medianın etimadının azalmasına səbəb olan əsas amillər hansılardır və bu etimadı bərpa etmək üçün hansı tədbirlər görülməlidir?
- Media etimadının azalması bir çox amillərlə bağlıdır və bu səbəblər bir-birini tamamlayaraq ümumi mənzərəni daha da mürəkkəbləşdirir. Ən çox önə çıxan problemlərdən biri siyasi təzyiq və senzura ilə bağlıdır. Bir sıra ölkələrdə hakimiyyət orqanları medianı susdurmaq üçün qanunvericilik və inzibati mexanizmlərdən istifadə edir. Qlobal hesabatlar da göstərir ki, mətbuat azadlığının zəifləməsi bilavasitə demokratiyanın geriləməsi ilə əlaqəlidir.
Digər bir səbəb dezinformasiyanın və informasiyanın məqsədli şəkildə manipulyasiya olunmasının geniş yayılmasıdır. Sosial media platformaları viral məzmunu ön plana çıxardığı üçün yalan xəbərlər asanlıqla geniş auditoriyalara çatır. Bunun üzərinə süni intellektin yaratdığı saxta şəkillər və videolar əlavə olunanda, təhlükənin miqyası daha da artır. Beləliklə, faktla yalan arasındakı sərhəd bulanıqlaşır və auditoriyanın xəbərə inamı azalır.
Maliyyə çətinlikləri də medianın etibarlılığını zəiflədən əsas amillərdəndir. Reklam bazarının kiçilməsi və gəlir modellərinin dayanıqsızlığı redaksiyaları daha çox “klik” toplamaq üçün sensasiyalı başlıqlara yönəldir. Bu isə uzunmüddətli perspektivdə medianın nüfuzunu və müstəqilliyini sarsıdır.
Bütün bu problemlərə qarşı bir sıra həll yolları mövcuddur. Əvvəla, media qurumları daha çox şəffaflığa və hesabatlılığa üstünlük verməlidirlər. Oxucular maliyyələşmə mənbələri, redaksiya siyasəti və fakt yoxlama mexanizmləri barədə açıq məlumat aldıqları zaman etimad da güclənir. Bundan başqa, fakt yoxlama fəaliyyətinin genişləndirilməsi və media savadlılığı proqramlarının inkişaf etdirilməsi mühüm rol oynayır. Məktəblər və universitetlərdə keçirilən belə proqramlar ictimaiyyətə yalan xəbərləri tanımağı öyrədə bilər.
Maliyyə baxımından isə abunəlik, donor dəstəyi, ictimai maliyyələşdirmə və hətta blockchain əsaslı mikropay sistemləri kimi alternativ modellər media qurumlarının müstəqilliyini qorumağa kömək edə bilər. Süni intellektin etik tənzimlənməsi də xüsusi əhəmiyyət kəsb edir. ABŞ Konqresində müzakirə olunan Deepfakes Accountability Act kimi təşəbbüslər generativ süni intellekt məhsullarının aşkarlanmasını və etiketlənməsini tələb edir. Belə tənzimləmələr jurnalistlər və platformalar üçün məsuliyyət çərçivəsini müəyyənləşdirir.
Nəhayət, qadın jurnalistlərin və regional media qurumlarının dəstəklənməsi də vacibdir. Kənd və bölgələrdə fəaliyyət göstərən media qurumları resurs çatışmazlığı səbəbindən daha həssasdır. Onların gücləndirilməsi həm etimadın lokal səviyyədə bərpasına, həm də cəmiyyətlə daha yaxın əlaqələrin qurulmasına xidmət edə bilər.
Beləliklə, media etimadının azalması sadəcə bir problem deyil, müxtəlif sahələrdə üzvi şəkildə bir-birinə bağlı çağırışların nəticəsidir və bu çağırışların həlli də sistemli yanaşma tələb edir.
- Ümumilikdə baxanda, fakt-əsaslı jurnalistikanın gələcəyi barədə nə düşünürsünüz və etimad böhranının aradan qaldırılması üçün əsas mesajınız nədir?
- Fakt-əsaslı jurnalistikanın gələcəyi hələ də böyük ümidlər və imkanlar daşıyır. İnsanlar hər zaman doğru xəbərə ehtiyac duyublar və bu ehtiyac indiki dövrdə daha da güclənib. Media siyasi, maliyyə və texnoloji təzyiqlərlə üzləşsə də, etimad böhranını aşmaq mümkündür. Bunun yolu şəffaflıqdan, məsuliyyətli redaksiya siyasətindən, fakt yoxlama mexanizmlərinin gücləndirilməsindən və auditoriya ilə açıq dialoqun qurulmasından keçir. Mənim əsas mesajım odur ki, jurnalistika yalnız xəbərləri ötürmək deyil, həm də cəmiyyətin etibar etdiyi, onun gələcəyini formalaşdıran bir institutdur. Əgər media doğruluğu seçsə, faktları seçsə, jurnalistikanı seçsə, bu böhranı birlikdə aradan qaldıra bilər.