SÜJET
Kardiologiya üzrə mütəxəssis Prof. Dr. Olcay Özveren qəfil ürək tutmasının istənilən yaşda baş verə biləcəyinə diqqət çəkib. Əlamətini göstərmədən irəliləyə bilən bu vəziyyətə qarşı koronar tomoqrafik anjioqrafiya tövsiyə olunur.
Yurd.Media xəbər verir ki, son illərdə bu halın artması ilə bağlı diqqətçəkən statistikalar fonunda Prof. Dr. Özveren qəfil ürək tutmasını yaradan amillər, yaş qruplarına görə dəyişən risklər və həyatı xilas edə biləcək tədbirlər haqqında ətraflı məlumat verib.
Risk altında olan şəxslərin mütəmadi kardioloji yoxlamadan keçməsinin vacibliyini vurğulayan Prof. Dr. Özveren “Sözcü”yə açıqlamasında bildirib:
“Ailəsində qəfil ürək tutması olanlar, siqaret çəkənlər, hipertenziya və ya şəkərli diabet xəstələri mütləq illik "check-up" (yoxlama) etdirməlidir. EKG, exokardioqrafiya və ya koronar tomoqrafik anjioqrafiya kimi müayinələr, mümkün riskləri qabaqcadan müəyyən edə bilər. Xüsusilə 35 yaşdan yuxarı risk qrupuna daxil olan şəxslərdə bu yoxlamalar həyat qurtarıcı ola bilər.
”Son illərdə koronar tomoqrafik anjioqrafiyanın müəyyən risk qruplarında ürək-damar sağlamlığının daha ətraflı qiymətləndirilməsində mühüm vasitəyə çevrildiyini bildirən Prof. Dr. Özveren belə deyib:
“Hipertenziya, şəkərli diabet, siqaret istifadəsi və ya ailəsində erkən yaşda infarkt keçirmiş şəxs olanlarda damar tıxanıqlığı və ya daralmaları kimi həyati risk daşıyan problemlər tomoqrafik anjioqrafiya ilə yüksək dəqiqliklə aşkarlana bilir. Bu səbəbdən risk qrupuna daxil olan şəxslərə hər 5-10 ildən bir bu müayinədən keçməyi tövsiyə edirik. Lakin bu metod hər kəs üçün rutin yoxlama vasitəsi kimi qəbul edilməməli, yalnız həkim məsləhəti ilə və lazım olan hallarda tətbiq olunmalıdır”.
Enerji içkilərinin ürək ritmini artıra və bəzi insanlarda ritm pozuntularını tətikləyə biləcəyini qeyd edən Prof. Dr. Özveren sözlərini belə davam etdirib:
“Enerji içkilərinin ritm problemi olan şəxslərdə qəfil ürək tutması yaratdığına dair dəqiq məlumatlar olmasa da, ürək ritmini artırdığı və döyüntüləri tətiklədiyi bilinir. Bu içkilər tərkibində yüksək miqdarda teofilin və kofein saxladığından insana enerjik təsir bağışlaya bilər. Lakin ritm pozuntusu olan şəxslər bu içkilərdən uzaq durmalıdır. Digər bir önəmli məsələ isə soyuq havalardır. Əgər şəxsin koronar ürək xəstəliyi, keçmişdə infarktı, ürək çatışmazlığı və ya kontrolsuz hipertenziya varsa, soyuq hava bu problemləri daha da pisləşdirə bilər. Bu səbəbdən xüsusilə soyuq havalarda ağır fiziki fəaliyyət və ya yeməkdən dərhal sonra idman tövsiyə olunmur".
Qəfil ürək tutması zamanı nə etməli olduğuna da toxunan Prof. Dr. Özveren bunları qeyd edib:
“Tutma anında ilk bir neçə dəqiqə həyati əhəmiyyət daşıyır. Əgər bu cür hal müşahidə olunarsa və xəstə huşsuz vəziyyətdədirsə, onu düz bir səthə uzadaraq tənəffüsü və nəbzi yoxlanılmalıdır. Əgər nəbz yoxdursa, dərhal ürək-ağciyər reanimasiyasına (CPR) başlanmalı və Təcili Tibbi Yardım çağırılmalıdır. Cəmiyyətin əsas həyat dəstəyi mövzusunda təlim alması, həyat qurtara bilər”.