Prezident İlham Əliyev mayın 17-də Serbiya Prezidenti Aleksandar Vuçiçlə görüşüb.
Yurd.Media xəbər verir ki, Aleksandar Vuçiç BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının əhəmiyyətini vurğulayaraq, bu tədbirin Bakıda keçirilməsi münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib.
Söhbət zamanı Azərbaycan Prezidentinin bu ilin fevralında Serbiyaya rəsmi səfəri məmnunluqla xatırlandı, bu səfər zamanı müzakirə olunmuş məsələlərin həyata keçirilməsi istiqamətində addımların atıldığı vurğulanıb.
Dövlət başçılarının səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi işində önəminə toxunulub.
Siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirilərək, iqtisadi, enerji, investisiyalar, birgə layihələrin icrası və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi.
Görüşdə xalqların yaxınlaşdırılması və turizm potensialımızın möhkəmləndirilməsi baxımından Serbiyanın "Airserbia" şirkətinin Belqrad-Bakı marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməsinin əhəmiyyətinə toxunulub.
Dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb.
Yurd.Media xəbər verir ki, ali qonaq bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə görüşünü və görüş əsnasında aparılmış müzakirələri məmnunluqla xatırladı.
Bolqarıstan Prezidenti hazırda dünyada müharibələrin və münaqişələrin olduğu bir şəraitdə aktual mövzuya həsr olunmuş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsini böyük hadisə kimi qiymətləndirildi. Vurğuladı ki, Bolqarıstan bu tədbirdə dövlət başçısı, eyni zamanda, bu ölkənin 10-dan artıq müxtəlif bələdiyyələrinin rəhbərləri, həmçinin Şuşa şəhəri ilə qardaşlaşmış Veliko Tırnovo şəhərinin meri səviyyəsində təmsil olunur.
Qonaq Ümumdünya Şəhərsalma Forumunun sessiyasının dünyada bu sahə ilə bağlı aktual mövzuların müzakirə edildiyi mühüm platforma olduğunu deyərək, tədbirin ölkəmizdə təşkil edilməsi münasibətilə təbriklərini çatdırdı.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.
Prezident İliyana Yotova Azərbaycanla Bolqarıstan arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətini vurğuladı, bu xüsusda “Həmrəylik Halqası” layihəsinin önəmini qeyd etdi. Mədəni və humanitar əlaqələrə toxunan Bolqarıstan Prezidenti Azərbaycanda bolqar dilinin tədrisini yüksək qiymətləndirdi. O, həmçinin Heydər Əliyev Fondunun Bolqarıstanda həyata keçirdiyi humanitar layihələri, Veliko Tırnovo ilə Şuşa şəhərinin qardaşlaşmasını və bu xüsusda orada Şuşa parkının salındığını qeyd etdi.
İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirdi.
Söhbət zaman ölkələrimiz arasında səmərəli əməkdaşlığın qarşılıqlı hörmət və etimad əsasında möhkəmləndiyi vurğulandı, enerji, həmçinin elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əlaqələrin perspektivləri müzakirə olundu.
Azərbaycanla Bolqarıstanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına toxunuldu.
Dövlət başçıları ikitərəfli gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi apardılar.
