Mühəndis Rəşad Mikayılov 3 ildir qonorarını ala bilmədiyi ilə bağlı müxtəlif qurumlara şikayət ünvanlayıb.
Mütəxəssis Yurd.Media-ya bildirib ki, 2021-ci ilin dekabr ayında tanışı Orxan Məmmədlinin təklifi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin sifarişi əsasında çaylarda 11 ədəd hidroloji stansiyanın qurulması işinə cəlb olunub.
Onun sözlərinə görə, "Turnkey Pro Solutions" şirkəti ilə imzalanan müqaviləyə əsasən 11 min manat qonorar və aylıq 500 manat əməkhaqqı nəzərdə tutulub. İş 2022-ci ilin yanvarında başlayıb və may ayında tamamlanmalı imiş.
İşin müddəti keçsə də, şirkət layihəni vaxtında təhvil verə bilməyib və cərimələnib. Rəşad Mikayılov isə quraşdırdığı 5 stansiyaya görə nəzərdə tutulan 7500 manatlıq qonorarını bu günə qədər ala bilmədiyini deyir. O, bu barədə dəfələrlə Orxan Məmmədliyə müraciət etsə də, “imkan yoxdur, ziyan etmişik” cavabını alıb.
İddialara görə, layihənin tamamlanması üçün O. Məmmədli sonradan ekspert kimi təqdim edilərək yenidən işə cəlb edilib. Rəşad Mikayılov deyir ki, işlərini sentyabrın sonunda tam təhvil versə də, artıq 3 ildir haqqını ala bilmir.
Mikayılov əlavə edir ki, 2022-ci ilin sentyabr ayında layihə çərçivəsində işlərin görülməsi üçün özünə məxsus avtomobili sürmək icazəsi ilə Orxan Məmmədliyə verib. Lakin o, avtomobili başqa bir şəxsin idarə etməsinə icazə verib və həmin şəxs maşını qəza etdirib.
“Daha sonra məlum oldu ki, qəzanı törədən şəxs maşını idarə edirmiş, amma Orxan polisə yalan məlumat verərək guya avtomobili özü idarə edib və qəzanı törədib. Məqsəd məsuliyyətdən yayınmaq olub,” – deyə Rəşad Mikayılov bildirir.
Orxan Məmmədli isə Yurd.Media-ya bildirib ki, məsələ ilə bağlı məsul dövlət qurumları məşğul olur.