SÜJET
"Son zamanlar anamın səhhətində narahatlıq var idi".
Yurd.Media xəbər verir ki, bunu APA-ya açıqlamasında Dursun Qasımovanın oğlu, Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov bildirib.
O qeyd edib ki, anası çox əziyyət çəkirdi: "Bu gün saat 18 radələrində anam rəhmətə getdi. Son vaxtlar ayaqları tutulmuşdu, hər gün vəziyyəti daha da ağırlaşırdı. Ayaqlarına qan getmirdi, yataqda yatırdı. Çox əziyyət çəkirdi, dedilər ayaqlarının ikisi də kəsilməlidir. Sonra həkimlər amputasiyanı da məsləhət görmədi. Bildirdilər ki, yaşı çoxdur, ağrılara dözə bilməz. Ağrılardan canını qurtardı, o qədər zülm çəkdi, danışılacaq bir vəziyyət deyil".
Milli qəhrəman Natiq Qasımovun anası, 1942-ci il təvəllüdlü Dursun Qasımova bu gün Gəncədə dünyasını dəyişib.
Onun sabah Gəncədə dəfn edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Natiq Qasımov 2024-cü ilin iyununda Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.