SÜJET
Microsoftun Vitse-prezidenti David Weston: “Siçanla naviqasiya etmək, klaviatura ilə yazmaq bugünkü gənc nəsil üçün yad bir təcrübəyə çevriləcək”.
Siçan və klaviatura kompüter başında işləyən hər kəs üçün əvəzolunmaz alətlər kimi görünə bilər. Ergonomik dizaynlar və fərqli texnologiyalarla bu cütlüyü transformasiya etmək cəhdləri illərdir davam etsə də, istifadəçilər çox vaxt klassik modellərə qayıdırlar. Üstəlik, bu alətləri tamamilə lazımsız edəcəyi iddia edilən cihazlar da bu günə qədər geniş kütlələr tərəfindən qəbul edilməyib. Lakin Microsoft bu vəziyyəti dəyişdirmək istəyir. Şirkətə görə beş il ərzində klaviatura və siçana əlvida deyə bilərik.
Microsoft “YouTube” kanalında "2030 Vizyonu" başlıqlı yeni bir video yayımladı. Videoda şirkətin Korporativ Vitse-prezidenti David Weston Windows-un gələcəyi ilə bağlı proqnozlarını paylaşır. Westona görə, 2030-cu ilə gəldikdə, kompüterlə qarşılıqlı əlaqə üsulumuz bugünkündən tamamilə fərqli olacaq. NTV-də yer alan xəbərə görə, Weston, "Siçanla naviqasiya etmək, klaviatura ilə yazmaq bugünkü gənc nəsil üçün yad bir təcrübəyə çevriləcək" açıqlamasını verib. Windows Central-ın xəbərinə görə, Microsoft-un vizyonu gələcəkdə kompüterlərlə qarşılıqlı əlaqənin təbii danışıq vasitəsilə həyata keçiriləcəyi istiqamətindədir. Weston, kompüterlərin təkcə səsli əmrlərə cavab verməyəcəyini; eyni zamanda gördüyümüzü görə biləcəyini, eşitdiyimizi eşidə biləcəyini və daha mürəkkəb tapşırıqları yerinə yetirə biləcəyini deyir:
"Gözlərimizi daha az, dilimizi daha çox istifadə edəcəyik. Kompüterlərlə qurduğumuz ünsiyyət daha təbii hala gələcək”.
Microsoft-un bu yanaşması çoxmodlu (multimodal) süni intellekt sistemlərinə əsaslanır. Bu sistemlər vizual, eşitmə və dil giriş məlumatlarını birlikdə istifadə edərək istifadəçini daha yaxşı anlaya bilir.
Başqa sözlə, bu süni intellekt alətləri istifadəçinin masasının üzərindəkiləri və ekranını görə bildiyi halda, onunla səsli söhbət edə və tapşırıqları yerinə yetirə bilir. Yenə də bu fikir tamamilə yeni deyil.
XDA Developers-ın məlumatına görə, Microsoft daha əvvəl də, məsələn Windows Vista dövründə, səsli köməkçi Cortana ilə oxşar bir təcrübə vəd etmişdi. Lakin bu sistemlər gözlənilən təsiri yarada bilməmişdi. Günümüzdə süni intellektlər daha inkişaf etmiş olsa da, səsli əmrlərin əsas idarəetmə metodu olmasını hər kəsin istəyib-istəməyəcəyi sual altındadır. Xüsusilə ofis mühitlərində, sosial mediada və ya sürətli və çoxistiqamətli idarəetmə tələb edən onlayn oyunlar kimi sahələrdə, klaviatura və siçanın yerinə səsli əmrlərin keçməsinin nə qədər mümkün olduğu mübahisəlidir.