SÜJET
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları Aydaş Məmmədov və Mirhəmid Ağayevin məhkəməsi başa çatıb.
Yurd.Media Teleqraf-a istinadən xəbər verir ki, Aydaş Məmmədov Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü vəzifə saxtakarlığı), Mirhəmid Ağayev həmin məcəllənin 32.5, 311.3.2, 32.5, 311.3.3 və 32.5, 313-cü maddələri ilə təqsirli biliniblər.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis vəzifəsində işləmiş Aydaş Məmmədovun digər şöbənin mütəxəssisi Mirhəmid Ağayev ilə 2019-2022-ci illər ərzində Abşeron rayonu ərazisində müvafiq torpaq sahələrinə aid sxemlərin təsdiqi, texniki pasport və çıxarışların verilməsi müqabilində müraciət etmiş ayrı-ayrı şəxslərin cəmi 12 min manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək onları vəzifəli şəxsə rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Aydaş Məmmədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 22 fevral 2022-ci ildə, səhər saat 09:30-da işdə olarkən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları onun olduğu otağa daxil olublar: “Onlar özlərini təqdim etdikdən sonra mobil telefonlarını əlimizdən aldı və bizi bir otağa yığdılar. Yoxlamadan sonra avtomobilə mindirilərək Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə aparıldıq. Orada olarkən bizi ayrı-ayrılıqda dörd otaq üzrə böldülər, bizə nəzarətçi təhkim etdilər. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları telefonlarımızı yoxladılar. Daha sonra mənə telefonumda korrupsiya ilə bağlı yazışmalar olduğu söylənildi. Təxminən gecə saat 3 radələrində həmin proses bitdi”.
Təqsirləndirilən şəxs deyib ki, 2006-cı ildən mütəxəssis olaraq həmin müəssisədə çalışıb, vəzifəsi daxil olmuş sənədi çap etməkdən ibarət olub: “Digər təqsirləndirilən Mirhəmidlə eyni şöbədə işləməmişik. Həmçinin müəssisə daxilində daxil olan sənədlərin dövriyyəsini izah edərək sənədin ilk başda qəbula daxil olduğunu, qaydasındadırsa rəis tərəfindən dərkənar qoyularaq ardınca yoxlanış üçün arxivə və texniki şöbəyə yollanıb”.
Digər təqsirləndirilən Mirhəmid Ağayev özünü qismən təqsirli bilib. O bildirib ki, 5.000 və 6.000 manat məbləğində pul alınıb, həmin məbləğlər Aydaş Məmmədov tərəfindən sənədlərlə bağlı olaraq istənilib, onun tərəfindən həmin məbləğlər Aydaş Məmmədova verilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydaş Məmmədov 2 il 6 ay dövlət qurumlarında vəzifə tutmaq qadağan edilməklə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Mirhəmid Ağayevin barəsində 1 il 6 ay vəzifə tutmaq qadağan edilməklə 3 il 6 ay azadlıqdan məhrum olunub. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Mirhəmid Ağayevə 1 il 6 ay müddətinə sinaq olmaqla təyin edilmiş cəza şərti hesab edilib.
Hökmdən narazı qalan Aydaş Məmmədovun vəkili tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi hökmün ləğv edilməsini, Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 və 313-cü maddələrində nəzərdətutulmuş cinayətin tərkib əlamətləri sübuta yetirilmədiyindən Aydaş Məmmədovun barəsində bəraətverici əsaslarla yeni hökm çıxarılmasını xahiş edib.
Hökmdən dövlət ittihamçısı tərəfindən də apellyasiya şikayəti verilib. Dövlət ittihamçısı Mirhəmid Ağayevin barəsində olan hökmdən Cinayət Məcəlləsinin 70-ci maddəsinin xaric edilməsini tələb edib. Onun həbs olunmasının apellyasiya instansiyası məhkəməsindən istənilib.
Bu şikayətlərə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Dövlət ittihamçısının apellyasiya protesti qismən təmin olunub.
Təqsirləndirilən şəxslərin ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, həmin məcəllə üzrə onlara cəza təyin olunmayıb.
Aydaş Məmmədova 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Mirhəmid Ağayevin cəzası isə 8 ilə qədər artırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 il 6 ay müddətinə sınaq müddəti ilə şərti hesab edilib.
Mirhəmid Ağayevin təyin edilmiş cəzaya Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin tətbiqinə dair hissə ləğv edilib və həmin müddəalar hökmdən xaric edilib.
Təqsirləndirilən Aydaş Məmmədovun vəkili tərəfindən verilən şikayət təmin olunmayıb.
Bu qərardan narazı qalan Aydaş Məmmədovun vəkili kasasiya şikayəti verib. Vəkil müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin olunmayıb.