“Al Market” mağazalar şəbəkəsinə məxsus mağaza müdiri inzibati məsuliyyətə cəlb edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Binəqədi rayonu ərazisində yerləşən “Al Market”də oğurluq hadisəsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları orda olub.
Bu zaman mağaza müdiri 1987-ci il təvəllüdlü Rövşən Qafqaz oğlu Əliyev əməkdaşlardan biri müki geyimdə olduğu üçün onu içəri buraxmayıb, aralarında anlaşılmazlıq baş verib.
Bundan sonra Əliyev şöbəyə gətirilib. Müayinəyə aparılıb və müayinə zamanı onun narkotik vasitədən istifadə etmə halı öz təsdiqini tapıb.
Daha sonra Əliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 206 (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi), 510.1 (xırda xuliqanlıq) və 535.1-ci (polisə müqavimət göstərmə) maddələri ilə inzibati xəta haqında protokollar tərtib edilib.
İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İş üzrə izahat verən Əliyev bildirib ki, mağazada oğurluq hadisəsi baş verib, hətta mağaza daxilində ödəniş aparatı da sındırılıb:
“Bu səbəbdən başımı itirmişdim. Nə edəcəyimi bilmədim və polisləri gözlədim. Elə həmin vaxt mülki geyimdə bir nəfər mağazaya daxil olmaq istədi. Mən isə icazə vermədim ki, oğurluq hadisəsi baş verib. Sonradan həmin şəxsin polis əməkdaşı olduğu müəyyən edildi. Mən anlaşılmazlığa görə üzr istədim. Lakin məni şöbəyə apardılar”.
Əliyev qeyd edib ki, daha sonra onu müayinəyə aparıblar: “Mənə sidiyimdə metafetamin aşkarlandığını bildirdilər. Amma mən həmin gün başım bərk ağrıdığından ancaq dərman qəbul etmişdim. Başqa heç nə qəbul etməmişdim”.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata həmin hissələrdə xitam verilib.
Rövşən Əliyev İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 manat məbləğində inzibati cərimə edilib, məhkəmə iclas zalından inzibati tutmadan azad olunub.
Məhkəmənin hökmünə əsasən. Ona narkomaniyadan məcburi müalicə təyin edilib və qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülüb.
Narkomaniyadan məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə müvafiq icra məmuru tərəfindən nəzarət edilməsi qərara alınıb.