SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
İcbari Sığorta Bürosu hadisədən 10 il sonra vətəndaşı məhkəməyə verdi

İcbari Sığorta Bürosu hadisədən 10 il sonra vətəndaşı məhkəməyə verdi

  • 22 oktyabr 2026, 12:21

İcbari Sığorta Bürosu yol nəqliyyat hadisəsi törədən şəxsi 10 il sonra məhkəməyə verib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, iddiaçı Abşeron Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Polad İlqar oğlu Dünyamalıyevdən ödənilmiş 1501 manat məbləğində vəsaitin və məhkəmə xərclərinə görə 35 manat məbləğin iddiaçı "İcbari Sığorta Bürosu"nun xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. 

İddianın əsaslarına görə, Polad Dünyamalıyev 2014-cü il tarixdə Binəqədi rayonu, 9-cu mikrorayondan 6-cı mikrorayona doğru hərəkətdə olarkən, idarə etdiyi "NISSAN SUNNY" markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədib. 

Bu hadisə nəticəsində bir nəfər az ağır dərəcəli xəsarət alıb. Sözügedən hadisə Binəqədi Rayon Məhkəməsinin 2014-cü il tarixli hökmü ilə təsdiq olunub. Həmin hökmlə müəyyən edilib ki, Polad Dünyamalıyev Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir. Buna görə də o, 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. 

Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxsə kompensasiya ödənişinin verilməsi haqqında 2025-ci il tarixli ərizəsi ilə “İcbari Sığorta Bürosu”na müraciət olunub. Müraciətdə hadisədə iştirak edən “NISSAN SUNNY” markalı avtomobilin icbari sığortası olmadığından, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 32 və 33-cü maddələrinə əsasən kompensasiya ödənişinin verilməsi tələb edilib. 

Qeyd edilən tarixdə İcbari Sığorta Bürosuna edilən müraciət əsasında aparılan araşdırma nəticəsində, Qanunun 32 və 33-cü maddələri nəzərə alınmaqla, ümumilikdə 1500 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. Büro tərəfindən 2026-cı il tarixdə cavabdeh Polad Dünyamalıyevə pretenziya məktubu göndərilib, onun əvəzindən ödənilmiş 1500 manat kompensasiya ödənişinin könüllü qaydada ödənilməsi tələb edilib.

Cavabdeh Polad Dünyamalıyev də məhkəməyə müraciət edib və qeyd edib ki, mübahisənin əsasını təşkil edən yol-nəqliyyat hadisəsi 2014-cü ilin may ayında baş verib. Onun bildirdiyinə görə, iddiaçı yalnız 2025-ci ildə zərərçəkənə kompensasiya ödənişi etdiyini göstərib və 2026-cı ildə hazırkı iddia ilə məhkəməyə müraciət edib: “Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti 10 ildir. Hazırkı iş üzrə iddianın əsasını təşkil edən hadisə 2014-cü ilin may ayında baş verib. İddia isə yalnız 2026-cı ildə məhkəməyə təqdim edilib. Beləliklə, hadisənin baş verdiyi tarixdən ümumi iddia müddəti keçib. İddiaçının 2025-ci ildə kompensasiya ödənişi etməsi iddia müddətinin yenidən hesablanması və ya yeni iddia müddətinin başlanması üçün əsas hesab edilə bilməz. Çünki subroqasiya nəticəsində iddiaçı yalnız zərərçəkənin malik olduğu hüququ əldə edir və həmin hüququn mövcud olduğu həddə tələb irəli sürə bilər”. 

Polad Dünyamalıyev əlavə edib ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddəti yalnız mübahisə tərəfinin verdiyi ərizə əsasında məhkəmə tərəfindən tətbiq edilir. 

Bundan əlavə, iddiaçı tərəfindən zərərçəkənə hadisədən təxminən 11 il sonra kompensasiya ödənişinin hansı hüquqi əsaslarla həyata keçirildiyi, bu ödənişin qanunvericiliyin tələblərinə uyğunluğu və belə uzun müddətdən sonra müraciətin qəbul edilməsinin əsasları da iddia ərizəsində əsaslandırılmayıb.

Cavabdeh Mülki Məcəllənin 373.1 və 375-ci maddələrinə uyğun olaraq iddia müddətinin tətbiq edilməsini və iddianın təmin olunmamasını xahiş edib. 

Abşeron Rayon Məhkəməsinin qətnaməsinə əsasən, iddiaçı İcbari Sığorta Bürosunun cavabdeh Dünyamalıyev Polad Iqrar oğluna qarşı subroqasiya hüququ ilə əlaqədar pul tələbinə dair iddiası təmin edilməyib. Bundan əlavə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilib.

Skat.az - Ev və Avtomobil elanları