SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Dördayaqlı qəhrəmanlar: narkotik və valyutanın aşkarlanmasında ön cəbhədə - FOTOREPORTAJ

Dördayaqlı qəhrəmanlar: narkotik və valyutanın aşkarlanmasında ön cəbhədə - FOTOREPORTAJ

Azərbaycan Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində təlim keçmiş xidməti axtarış itləri ölkənin sərhədlərində təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Onlar narkotik vasitələrin, partlayıcı və pirotexniki maddələrin, həmçinin valyutanın qeyri-qanuni yollarla ölkəyə keçirilməsinin qarşısının alınmasında əsas vasitə kimi çıxış edirlər. Hava limanları və sərhəd-keçid məntəqələrində xidmət göstərən bu xüsusi təlimli itlər təhlükəsizlik sisteminin ayrılmaz hissəsinə çevrilib.

Narkotiklə yox, ixtisaslı təlimlə uğur

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin rəis müavini, gömrük xidməti kapitanı İlyas İsmayılov Yurd.Media-ya açıqlamasında bildirib ki, xidməti axtarış itləri narkotik maddələrlə birbaşa təmasda olmurlar:

“İnsanlar bəzən düşünür ki, itlər maddəni birbaşa təmas yolu ilə tanıyırlar. Əslində isə onlar xüsusi iybilmə qabiliyyəti və uzunmüddətli təlim nəticəsində bu bacarığı qazanırlar. Təlimlər zamanı açıq narkotik maddələrdən istifadə edilmir”.

Hazırda mərkəzdə 13 xidməti axtarış iti və 16 küçük saxlanılır. Ümumilikdə 61 baş it birbaşa xidmətdədir. Mərkəzdə, eyni zamanda, müəyyən səbəblərdən xidmətə yararsız sayılan itlərin vətəndaşlara satışı da həyata keçirilir. Təlimlərə xarici ölkələrin kinoloqları da cəlb olunur.

İtlər siqnalı necə verir?

İlyas İsmayılovun sözlərinə görə, xidməti axtarış itləri aktiv və passiv olmaqla iki növ siqnal verməyə təlim olunurlar. O bildirir ki, aktiv siqnal zamanı it tapıntı olan əraziyə hürür və ya dişləmə hərəkəti göstərir. Passiv siqnal isə daha səssiz formada – sadəcə həmin yerin yanında oturmaqla və ya uzanmaqla verilir^

"Təlimlər zamanı yemək mükafatı tətbiq edilmir. Bunun əvəzinə itlər sevdikləri oyuncaq və ya kiçik top ilə mükafatlandırılır. Bu yanaşma itlərin yanlış siqnal verməsinin qarşısını alır və yalnız dəqiqləşdirilmiş nəticə əsasında mükafat verilir", – kapitan vurğulayıb.

Baytarlıq nəzarəti və sağlamlıq təminatı

Kinoloji fəaliyyətin təşkili şöbəsinin baytar-həkimi, gömrük xidməti kapitanı Səbinə Hacıyeva Yurd.Media-ya bildirib ki, hər səhər bütün itlər ilkin tibbi baxışdan keçirilir. Halsızlıq və ya narahatlıq əlamətləri olduqda USM və rentgen müayinələri aparılır:

“Mərkəzdə müasir əməliyyat otağı mövcuddur. Hər bir itin sağlamlığı və qidalanması ciddi nəzarətdə saxlanılır. Məqsəd – sağlam, uzunömürlü və effektiv xidmət göstərən itlər yetişdirməkdir”.

Kinoloji mərkəzin tarixi və inkişafı

Kinoloji xidmətin əsası 1997-ci ildə Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin tərkibində yaradılan kinologiya şöbəsi ilə qoyulub. 2003-cü ildə müasir texniki baza ilə təchiz olunmuş mərkəz istifadəyə verilib. 2015-ci ildə isə mərkəzə regional kinoloji mərkəz statusu verilib.

Ümumi sahəsi 3 hektar olan mərkəzdə 100-dək itin saxlanması üçün korpus, nəqliyyat vasitələrinin imitasiya olunmuş yoxlama sahələri və təlim meydançaları fəaliyyət göstərir.

Azərbaycanın xidməti axtarış itləri beynəlxalq yarışlarda da uğurla iştirak edirlər. 2011-ci ildən etibarən Gürcüstan, Rusiya, Mərkəzi Asiya və MDB ölkələrində keçirilən yarışlarda bir sıra mükafatlara layiq görülüblər. Təlimlərdə Bolqarıstan, Türkiyə, Moldova, Gürcüstan, Belarus, Koreya, Monqolustan, Makedoniya, Qazaxıstan və Tacikistan da daxil olmaqla müxtəlif ölkələrin nümayəndələri iştirak ediblər.

Ən yaddaqalan hadisələrdən biri isə 2012-ci ildə Makedoniyaya hədiyyə edilən xidməti itin həyata keçirdiyi əməliyyat olub. Həmin əməliyyat nəticəsində 16 kiloqramdan artıq heroin aşkarlanaraq dövriyyədən çıxarılıb.

Statistika: son beş ilin rəqəmləri

Gömrük Komitəsinin təqdim etdiyi rəsmi statistikaya əsasən, son beş ildə xidməti axtarış itləri vasitəsilə aşağıdakı nəticələr əldə olunub:

2020-ci il – 49 hüquqpozma faktı üzrə 1462 kq 410 q narkotik və psixotrop maddə, 49 ədəd psixotrop həblər, 107820 ədəd tütün məmulatı;

2021-ci il – 42 fakt üzrə 1942 kq 294 q narkotik, 80 ədəd həblər, 36 ədəd tütün məmulatı;

2022-ci il – 61 fakt üzrə 45 kq 999 q narkotik, 6000 AZN məbləğində pul və 16260 ədəd tütün məmulatı;

2023-cü il – 63 fakt üzrə 517 kq 067 q narkotik, 67 ədəd həblər, 132516 ədəd tütün məmulatı;

2024-cü il (ilk yarımil) – 50 fakt üzrə 268 kq 092 q narkotik, 250 ədəd həblər, 86340 ədəd tütün məmulatı;

Bu nəticələr göstərir ki, Azərbaycan gömrük orqanlarının kinoloji xidməti narkotik vasitələrin aşkarlanması üzrə MDB ölkələri arasında lider mövqedədir.

Xidməti itlər – təhlükəsizlik və əməkdaşlığın simvolu

Xidməti axtarış itləri yalnız təhlükəsizlik sisteminin deyil, eyni zamanda beynəlxalq əməkdaşlığın mühüm dayağına çevriliblər. Onların peşəkar və sədaqətli fəaliyyəti Azərbaycanın sərhədlərinin qorunmasına və ictimai təhlükəsizliyin təmin olunmasına xidmət edir.

Foto: Sadıq Əliverdibəyli

Prime Leasing