Azərbaycanda uşaqların təhlükəsizliyi və rifahı məsələsi cəmiyyətin ən həssas mövzularındayn biri olaraq qalır. Mütəxəssislər bildirir ki, uşaqların qorunması həm ailənin, həm də dövlətin birbaşa məsuliyyətidir. Bu istiqamətdə mühüm mexanizmlərdən biri də Uşaq Qaynar Xətt xidmətidir.
Yurd.Media-ya açıqlamasında “Ümidli Gələcək” Sosial Təşəbbüslər Birliyinin sədri, eyni zamanda uşaq və qadın qaynar xəttinin koordinatoru Kəmalə Aşumova bildirib ki, xidmətə cəlb olunan operatorlar xüsusi seçim əsasında işə götürülür və onlar psixologiya üzrə ixtisaslaşmış mütəxəssislərdir. Onun sözlərinə görə, operatorlar zəng edən şəxslərə ilkin psixoloji dəstək göstərir, zərurət yarandıqda isə sosial işçilərlə birlikdə yerində müdaxilə həyata keçirilir.
Kəmalə Aşumova qeyd edib ki, xidmət 2010-cu ildən fəaliyyət göstərir və 2019-cu ildən etibarən beynəlxalq qısa nömrə – 116111 vasitəsilə də əlçatan olub. Bundan əlavə, vətəndaşlar WhatsApp, Instagram və TikTok kimi sosial şəbəkələr, eləcə də mobil tətbiq üzərindən də müraciət edə bilirlər. Məqsəd hər bir uşaq və qadının ehtiyac duyduğu anda dəstəyə çıxışını təmin etməkdir.

Koordinator vurğulayıb ki, cəmiyyətdə heç kim zorakılıq hallarına biganə qalmamalıdır. Onun sözlərinə görə, bəzən qonşular və ya müəllimlər tərəfindən daxil olan məlumatlar əsasında hadisələr araşdırılır. Aşumova belə hallardan birini xatırladaraq bildirib ki, qonuşu tərəfindən daxil olan müraciətdə bildirilmişdi ki, mənzildə bütün günü ağlayan uşaq var. Bu müraciət əsasında ünvan yoxlanılıb və məlum olub ki, uşaqda autizm spektr pozuntusu var və heç bir fiziki zorakılığa məruz qalmayıb, sadəcə ailənin psixoloji dəstəyə ehtiyacı var. Bu zaman ana və uşaq müvafiq reabilitasiya xidmətlərinə yönləndirilib.
O həmçinin erkən nikah probleminin hələ də aktual olduğunu qeyd edib. Bildirib ki, qaynar xəttə daxil olan müraciətlərdən biri əsasında azyaşlı qızın məcburi evləndirilməsinin qarşısı alınıb. Sonradan həmin qız təhsilini davam etdirərək universitetə qəbul olub və xidmətə təşəkkürünü bildirib.
Mütəxəssis əlavə edib ki, yeniyetmələr arasında xüsusilə imtahan dövründə psixoloji gərginlik artır. Bu kimi hallarda həm valideynlərlə, həm də uşaqlarla maarifləndirici söhbətlər aparılır, lazım gəldikdə psixoloq dəstəyi təşkil olunur.
Aşumova Azərbaycan cəmiyyətində ailədaxili problemlərin kənar şəxslərlə bölüşülməsinin çətin olduğunu da vurğulayıb. Onun sözlərinə görə, əsas məqsəd uşağı ailədən ayırmaq deyil, ailə ilə birlikdə işləyərək problemi həll etməkdir.
Bununla yanaşı, müasir dövrdə uşaqlar üçün yeni risklərin də yarandığı qeyd olunur. Xüsusilə "Roblox" kimi oyunlar və "TikTok" kimi platformalar, eləcə də süni intellekt vasitəsilə həyata keçirilən dələduzluq halları diqqətdə saxlanılmalıdır. Kəmalə Aşumova valideynlərə çağırış edərək bildirib ki, uşaqlarla açıq ünsiyyət qurmaq və onları mümkün təhlükələr barədə məlumatlandırmaq vacibdir.

Azərbaycanda Uşaq Qaynar Xətt Xidmətinə müraciətlərin sayında artım müşahidə olunur.
Qeyd edək ki, 2026-cı ilin yanvar-mart ayları ərzində Xidmətə ümumilikdə 1555 müraciət daxil olub. Müraciətlərin 56 faizi sosial şəbəkələr və onlayn kanallar, 34 faizi mobil nömrələr, 10 faizi isə şəhər telefonları vasitəsilə qeydə alınıb. Ən çox müraciətlər psixoloji problemlərlə bağlı olub (489 müraciət – 31%). Zorakılıq halları üzrə 308 müraciət (20%), hüquqi məsələlər üzrə 134 müraciət (9%), sosial problemlər üzrə isə 133 müraciət (8%) daxil olub. Hesabat dövründə intihar düşüncələri ilə bağlı 49, insan alveri ilə bağlı isə 35 müraciət qeydə alınıb. Müraciət edənlərin 52% qadınlar, 26% kişilər, 22% anonim şəxslər olub. Yaş qrupları üzrə müraciətlərin əhəmiyyətli hissəsi 15–18 yaş arası yeniyetmələri əhatə edir.
FOTO: Sadıq Əliverdibəyli