SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Əlilliyi olan insanların sadə istəyi: Normal münasibət...

Əlilliyi olan insanların sadə istəyi: Normal münasibət...

Dünya əhalisinin təxminən 15 faizi müxtəlif dərəcəli əlilliyi olan şəxslərdir. Onların hətta rəsmi bayramı da var: 3 Dekabr – Beynəlxalq Əlillər Günü. Heç olmasa bu gün onların cəmiyyətə inteqrasiyasını, rahat yaşamaq və işləmək hüququnu xatırlatmaq yerinə düşərdi. 

Bu insanların ən böyük çətinliyi xəstəliyə və ya hansısa tibbi yardıma bağlı deyil. Əsas problem sosiallaşmaq, anlaşılmaq, heç bir ayrı-seçkiliyə məruz qalmamaqla əlaqəlidir. 

Kiminsə bahalı, tapılmayan dərmana, kiminsə xüsusi şəraitə ehtiyacı var. Dövlətin dəstəyi də vacibdir, amma bəzən daha önəmlisi insanların davranışı, münasibəti və anlayışıdır.

Elə 3 dekabrda kobud münasibətlə qarşılaşdım

Rəsmi əlillik statusunu 2025-ci ilin yanvarında almışam. Bu statusu almağa gedən yol isə sanki “cəhənnəmin yeddi qatı” kimi idi. Müxtəlif həkimlərin qəbulunda olmuşam, komissiyalardan keçmişəm, aylarla davam edən növbələrdə gözləmişəm. 

Ən ağır olanı isə bunlar deyildi, insanların biganəliyi idi.

Bir il əvvəl – məhz 3 dekabrda, əlilliyin təsdiqi üçün Xırdalan şəhər poliklinikasında növbə almağa getmişdim. Görmə qabiliyyətim 10 faizdən aşağı olduğundan tanımadığım məkanlarda hərəkət etmək mənim üçün olduqca çətindir. Orada ortayaşlı bir həkim xanıma yaxınlaşıb komissiya otağını soruşdum.

O isə burnunun altından, laqeyd və kobud şəkildə “orada” deyə cavab verdi. Bir daha soruşanda isə: “Korsan? Deyirəm də, orda!” – deyərək barmağı ilə təxminən bir istiqaməti göstərdi.

Belə davranış qəlbimi çox sındırdı. Səsimi qaldırıb dedim: “Bəli, görmə əngəlliyəm. Onsuz da sağlam insanın ora işi yoxdur”. Səs-küyə başqa bir həkim yaxınlaşıb məni otağa apardı, vəziyyəti sakitləşdirdi. Bu hadisə məhz əlillər günündə baş verdi və simvolik bir acıya çevrildi.

Əlilliyi olan insanlar sadəcə normal münasibət istəyirlər

Əlilliyi olan insanlar hər gün müxtəlif situasiyalarda çətinlik yaşayırlar. Heç kim boş yerə kömək istəmir. Yəni bir istiqamət göstərmək, bir söz demək, bir məlumat vermək bu qədərmi çətindir? 

Məsələn, bir neçə dəfə avtobus sürüşücündən nömrəni soruşanda, kobudcasına “başda yazılıb” cavabını eşitmişəm. Bir neçə rəqəmi deməkdən belə ərinən bu tip insanlar az deyil. Hətta bəzən marketdə qiymət soruşursan, əvəzində “üzərində yazılıb” deyirlər. Halbuki heç hər sağlam insan xırda şriftlə yazılmış rəqəmi oxuya bilmir, o ki qaldı mənə. 

Əlilliyi olan şəxslərin fiziki vəsiqəsi yoxdur 

Azərbaycanda əlilliyi olan şəxslərin fiziki vəsiqəsi yoxdur – məlumat yalnız dövlət portalında görünür. Bu səbəbdən bir çox yerdə “əliləm” dedikdə “vəsiqən hanı” sualı ilə qarşılaşıram. 

Bir dəfə özəl klinikalardan birində belə oldu. Endirim üçün əlillik statusunu sübut edə bilmədim, çünki həmin an telefonda portal tətbiqi yox idi. Klinika ümumi səhiyyə sisteminə inteqrasiya olmadığına görə məlumatı yoxlaya bilmədilər.

Bir sözlə, əlillik həmişə aydın görünmür. Mənim kimi minlərlə insan var ki, zahirən sağlam görünür, amma əlildir.

Çox işi sərbəst bacarıram, amma iş tapa bilmirəm 

Hər zaman aktiv və sosial olmuşam. Görmə qabiliyyətim tədricən asta-asta düşdüyü üçün özümü adaptasiya etmişəm və bu gün bir çox işi sərbəst bacarıram. Amma buna baxmayaraq, iş tapmaq çətindir.

İşə götürən operativlik tələb edir, amma əlilliyi olan insanlar üçün bəzən bu fiziki olaraq mümkün olmur. Hətta fəhlə kimi işləməyə razı olan gənclər belə “əlilliyi olduğu üçün” iş tapa bilmir.

DOST xidmətində bir ildir işsiz kimi qeydiyyatdayam, təkmilləşdirmə kurslarına yazılmışam, lakin hələlik nəticə yoxdur.

Reabilitasiya mərkəzinə müraciət etdikdə isə “Sizə uyğun deyil, ora əli-ayağı olmayan əlillər üçündür” cavabını almışam. 

Bəs hara müraciət etməliyəm? Müalicəmi kim təmin etməlidir? Bilmirəm. Diqqət, məncə, hər şeydən önəmlidir. İnsanlardan isə sadəcə bir şey istəyirik: bir az anlayış, bir az mehribanlıq, bir az dəstək.

Əlillik insanın potensialını müəyyən etmir 

Əlilliyi olan insanlar bu ölkəyə yük deyil, əksinə, potensialdır. İdmanda, işdə, yaradıcılıqda – harada olur olsun – onların uğuru həm də dövlətin uğurudur, çünki dövlət o şəraitin yaradılmasına məsuldur.

Əlilliyi olan tanınmış şəxslər də az deyil. Məsələn, Azərbaycanın ikiqat Paralimpiya çempionu, görmə əngəlli cüdoçu İlham Zəkiyev müharibədə görmə qabiliyyətini itirsə də, iradəsi ilə Paralimpiya tariximizə adını yazdıra bilib. Görmə məhdudiyyəti olan Vəli İsrafilov 9 yaşından üzgüçülüklə məşğul olmağa başlayıb. 2021-ci ildə keçirilən Tokio Yay Paralimpiya Oyunlarında qızıl medal qazanaraq Azərbaycan üçün böyük uğura imza atıb.

Nik Vujçiç qolsuz və ayaqsız doğulmasına baxmayaraq dünyanın ən məşhur motivatorlarından biridir. Onun nitqləri milyonlarla insana güc verir. Helen Keller görmə və eşitmə qüsuruna baxmayaraq yazıçı, fəal və müəllim kimi tanınıb. Stiven Hokinq ALS xəstəliyi ilə yaşamış, lakin müasir fizikanın ən böyük alimlərindən birinə çevrilmişdir. 

Bu nümunələr bir daha göstərir ki, əlillik insanın potensialını müəyyən etmir, çünki potensialı müəyyən edən iradə, mühit və dəstəkdir.

Nərgiz Malik

Prime Leasing
SPE Annual Caspian