SÜJET
Cənubi Qafqazda yeni bir səhifə açılır və bu səhifədə Azərbaycan tarixi bir mövqeyə sahib olur. Vaşinqtonda baş tutan görüş sadəcə sülh anlaşması və dəhliz razılaşması deyil — bu, bölgənin yeni geosiyasi nizamının yazılmasıdır. Vaşinqtonda Prezident İlham Əliyevlə ABŞ lideri Donald Trampın görüşü sadəcə diplomatik protokol deyildi — bu, regionun gələcək xəritəsini dəyişdirəcək strateji dönüş nöqtəsi idi.
Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının paraflanması, Zəngəzur dəhlizinin 2125-ci ilə qədər ABŞ tərəfindən idarə olunması və bu dəhlizin “Trump Yolu” adlandırılması, ölkəmizin diplomatik və geosiyasi uğurunun bariz nümunəsidir. Üstəlik, 30 ildən çox davam edən 907-ci düzəlişin ləğvi ilə ABŞ-la hərbi, texnoloji və iqtisadi əməkdaşlığın qarşısındakı ən böyük maneə aradan qalxdı. Bütün bu hadisələr fonunda Azərbaycan təkcə öz milli maraqlarını qorumaqla kifayətlənmir, həm də Cənubi Qafqazın gələcək güc balansını müəyyənləşdirən əsas oyunçuya çevrilir. Rusiya Ukrayna müharibəsində zəifləyərkən, İran isə şimal sərhədində ABŞ-nın varlığı ilə təsir imkanlarını itirərkən, Bakı regionun yeni mərkəzi rolunu möhkəmləndirir. Rusiya və İranın zəifləməsi Azərbaycan üçün həm yeni fürsətlər, həm də yeni diplomatik oyun sahələri açır.
Onu da qeyd edək ki, Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyət qazanması təkcə iqtisadi deyil, həm də strateji qələbədir. Bu dəhliz Azərbaycanın Naxçıvanla quru bağlantısını təmin etməklə yanaşı,həm də qardaş ölkə Türkiyə ilə magistral və dəmiryolu üzərində birbaşa əlaqələrimizin olmasına imkan yaradacaq. Təbii ki, iki ölkə arasında olan sıx münasibtlərin daha da genişlənməsi və inkişafı baxımından bu addım çox mühim əhəmiiyət daşıyır. Eyni zamanda Zəngəzur dəhlizi Avrasiya tranzit xəritəsində mühüm mövqeyimizi daha da gücləndirir.
Bəli, qarşıdakı illərdə ABŞ-nın bölgədəki varlığı müəyyən siyasi şərtlərlə müşayiət oluna bilər. Amma bugünkü reallıq odur ki, Azərbaycan diplomatiyası böyük güclərin masasında öz yerini tutub və masanın qaydalarını özü müəyyənləşdirəcək gücə çatıb. Deyə bilərik ki, Cənubi Qafqazda və dünyada Azərbaycanın gücü artıq hər kəsə məlumdur. Bu, hərbi zəfərlə başlayan, diplomatik uğurla davam edən bir qələbə tarixidir.