Sənaye müəssisələri tərəfindən tullantı sularının düzgün idarə olunması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Onların fəaliyyəti nəticəsində yaranan tullantı sularının tərkibində ətraf mühit üçün zərərli olan maddələrin miqdarı daha yüksək olur.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Yurd.Media-ya bildirilib ki, bu məqsədlə çirkab su quyularının (şambolar) istifadə olunması ilə yanaşı müəssisə və təşkilatlar tərəfindən tullantı suları lokal təmizləyici qurğularda təmizləndikdən sonra kənarlaşdırıla bilər. Bu halda tullantı suların kənarlaşdırılacağı yer və tərkibindəki çirkləndirici maddələrin qatılıq həddi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə razılaşdırılmalıdır.
"Qeyd olunan tələblərə riayət edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən vəzifəli şəxslər 4000 manatadək, hüquqi şəxslər 12500 manatadək məbləğdə cərimə edilir. Həmçinin müəssisə və təşkilatlar tərəfindən su mənbələrinin əhəmiyyətli dərəcədə çirkləndirilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyəti yaradır", - Agentlikdən bildirilib.
Qeyd olunub ki, müəssisə və təşkilatların fəaliyyəti zamanı yaranan tullantı sular ətraf mühitə, xüsusilə də su və su təsərrüfatı obyektərinəciddi təsir göstərir. Bu səbəbdən də tullantı suların qanunvericiliklə müəyyən olunmuş qaydada düzgün idarə edilməsi, təmizlənməsi və digər məqsədlər üçün istifadə olunması istiqamətində cəmiyyətin maarifləndirilməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin qarşıya qoyduğu hədəflərindəndir:
"Suların istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə riayət edilməməsi qlobal iqlim dəyişikliyi və regionumuzda müşahidə olunan su qıtlığı şəraitində daha da təhlükəli nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən də tullantı sularının təmizlənməsi təkcə hüquqi yox, həm də mənəvi öhdəlikdir".