Ölkənin müxtəlif rayonlarında Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhidlərin dəfn mərasimi keçirilib.
Yurd.Media xəbər verir ki, mərasimlərdə şəhidlərin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər, şəhid ailələri, ictimai nümayəndələr iştirak ediblər.
Qeyd edək ki, dünən və bugün dəfn olunan itkin-şəhidlərin 16-sı hərbçi, biri isə mülki şəxsdir.
Bugün dəfn olunanları sizlərə təqdim edirik:
Mehriban Arif qızı Qarayeva 1970-ci il martın 27-də Sumqayıt şəhərində anadan olub. 1992-ci ildə könüllü hərbi xidmətə gedib. Elə həmin il Sırxavənd (Ağdərə) kəndində itkin düşüb. O, Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.

Mülki vətəndaş şəhidi, Zibeydə Bədəl qızı Əhmədova 1938-ci ildə Xankəndi şəhərində doğulub. 1988-ci ildə Xankəndi şəhərindən məcburi köçkün düşərək Xocalı rayonunda məskunlaşıb. O, 1992-ci il fevralın 26-da Xocalı faciəsi zamanı itkin düşüb. Və Xocalı şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Hüseynov Rafiq Hüseyn oğlu 1974-cü il aprelin 16-da Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb. Qaradağ rayonu Lökbatan Şəhidlər xiyabanında dəfn olunub.

Dadaşov Dadaş Şərif oğlu 1972-ci ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində anadan olub. O, 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Yanşaq kəndində itkin düşüb. Dadaş Dadaşovun nəşinin qalıqları Bərdə rayonunda dəfn olunub.

Məmmədov Yolçu Sarı oğlu 1966-cı il martın 8-də Şəmkir rayonunun Seyfəli kəndində anadan olub. Birinci Qarabağ müharibəsində iştirak edib, 1992-ci ilin iyununda Ağdərə rayonunun Sırxavənd kəndində ağır döyüşlər zamanı itkin düşüb. Şəmkir şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.

Vəliyev Hidayət İsa oğlu 1971-ci ildə Bərdə rayonunun Zümürxan kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı Vətənimizin müdafiəsində iştirak edərək, 1994-cü ilin fevralında Kəlbəcər rayonunun Murovdağ silsiləsində itkin düşüb. Bərdə rayonunda torpağa tapşırılıb.

Hacıyev Qılman Surxay oğlu 1972-ci ildə Bərdə rayonunun Kələntərli kəndində anadan olub. 1994-cü ilin fevralında Kəlbəcər rayonunun Yanşaq kəndində itkin düşmüşdü. Bərdə rayonunda dəfn edilib.

Göyüşov Qurban Ramazan oğlu 1974-cü ildə Ağdərə rayonunun Baş Güneypəyə kəndində anadan olub. O, 1992-ci il martın 12-də Sırxavənd kəndi istiqamətlərində ermənilərin hücumunun qarşısının alınması zamanı pusquya düşərək yaralanıb. Göyüşov Qurbanın nəşinin qalıqları elə həmin ərazidə aşkar edilib. Və nəşinin qalıqları Ağdam rayonunda dəfn olunub.
