SÜJET
Azərbaycanda "Vəkillər və vəkillik fəaliyyəti haqqinda" qanun qüvvədədir və həmin qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır.
Həmin qanunun 4-cü maddəsinə əsasən isə Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxs vəkillik fəaliyyətini həyata keçirə bilər.
Qeyd edək ki, ölkəmizdə vəkillər rayon (şəhər) məhkəməsindən tutmuş Ali Məhkəməyə qədər eyni professional statusla çıxış edə bilir və bütün məhkəmə instansiyalarında (birinci, apellyasiya və kasassiya) iştirakı məhdudlaşdıran hər hansı qadağa yoxdur. Lakin bəzi ölkələrdə ali instansiyada təmsilçilik ayrıca imtahan, titul və ya dar ixtisaslaşma tələb edir.
Beynəlxalq təcrübə göstərir ki, söhbət açdığımız məsələ ilə bağlı iki əsas yanaşma formalaşıb. Bunlardan birincisi “Universal mandat” (məsələn, Azərbaycan və ABŞ) yanaşmasıdır. Bu yanaşmaya görə vəkil bütün məhkəmələrdə eyni hüquqla çıxış edə bilərlər. Tutaq ki, ABŞ Ali Məhkəməsinə vəkilin müraciət edə bilməsi üçün sadəcə prosedur və rüsum var, amma xüsusi imtahan yoxdur. İkincisi, “Pilləli mandat” yanaşmasıdır ki, bu zaman vəkillərin ali instansiyaya müraciət edə bilməsi üçün əlavə sınaqlar və ya titul tələb olunur.
Məsələn, İngiltərə və Uelsdə tarixi ikili peşə modeli mövcuddur: "solicitor"lar əsasən məsləhətçi kimi fəaliyyət göstərir, "barrister"lər isə yuxarı instansiyalara çıxış hüququna malikdir. 1990-cı illərdən başlayaraq "solicitor"lar “Higher Rights of Audience” imtahanını keçərək “solicitor-advocate” statusu qazana və Ali Məhkəmədə çıxış edə bilirlər. Ən yüksək natiqlik məharəti isə 1597-ci ildən gələn "King’s Counsel" (KC, yaxud “silk”) titulu ilə qiymətləndirilir ki, bu adı bu gün artıq "solicitor-advocate"lər də ala bilir.
Bu məsələ ilə bağlı Hindistan təcrübəsi də maraqlıdır. Belə ki, ölkənin Ali Məhkəməsində birbaşa məhkəmə sənədləri təqdim etmək və çıxış etmək hüququ yalnız “Advocate-on-Record” (AOR) statusunu qazanmış vəkilə məxsusdur. AOR olmaq üçün namizəd ali instansiya təcrübəsi, xüsusi kurs və imtahandan keçməlidir, digərləri yalnız AOR-un göstərişi ilə tribunaya çıxa bilər.
Fransaya gəldikdə, bu ölkədə Conseil d’État və Kassasiya Məhkəməsi qarşısında müstəsna nümayəndəlik səlahiyyəti olan kiçik korpus — “avocats aux conseils” — fəaliyyət göstərir. Onlar ayrıca orden təşkil edir və sayları bir neçə on nəfərlə məhdudlaşır. Təbii ki, bu statusa nail olmaq çox çətin imtahan və illərlə təcrübə tələb edir.
Almaniyada Federal Ali Məhkəmənin (Bundesgerichtshof) mülki işlərində yalnız xüsusi seçilmiş təxminən 40 Rechtsanwalt təmsilçilik edə bilir. Bu vəkillər məhz Karlsrue ətrafında yerləşir və aşağı instansiyalarda iş görə bilmirlər.
İtaliyada isə Kassasiya Məhkəməsi və digər yuxarı instansiyalara çıxmaq istəyən vəkil beş illik təcrübədən sonra “albo speciale” imtahanını verərək “avvocato cassazionista” adını almalıdır. 2025-ci il qanun dəyişiklikləri bu statusun verilmə qaydalarını yeniləyib və imtahanı növbəti ilə qədər təxirə salıb.
Avstraliya qanunvericiliyinə əsasən isə ölkədə təcrübəli "barrister"lər hər il ştat Ali Məhkəmələrinin qərarı ilə “Senior Counsel” (SC) tituluna layiq görülür. Qeyd edək ki, SC tarixi QC/KC titulunun müasir ekvivalentidir və ən çətin işlərdə söz sahibidir.
Cənubi Afrikada Prezident fərmanı ilə verilən “Senior Counsel” (Silk) statusu barın ən yüksək pilləsi hesab edilir və yalnız ən nüfuzlu məhkəmə natiqlərinə şamil olunur.
Universal və pilləli modelin üstünlükləri olduğu kimi müəyyən çatışmazlıqları da vardır. Pilləli sistemin tərəfdarları deyir ki, ixtisaslaşma mürəkkəb işlərdə keyfiyyəti yüksəldir, peşə elitası üçün motivasiya yaradır və hüququn ən incə dəyərlərini qoruyur. Tənqidçilər isə belə bölünmənin hüquqi xidmətin qiymətini artırdığını, bütün vəkillərə bərabər imkan vermədiyini və “elit klublar” formalaşdırdığını deyirlər. Universal model sadə, rəqabətçi və daha ucuz ola bilər, lakin təcrübəsi az olan vəkilin ali instansiyada müvəffəqiyyətlə çıxış etməsi həmişə təmin olunmur.
Göründüyü kimi beynəlxalq miqyasda vəkilliyin “rəng kəmərləri”dən ibarət ixtisaslaşmış pilləli modeli də, bütün instansiyalar üçün vahid mandat sistemi də uğurla işləyə bilir. Azərbaycanda hazırda universal model mövcuddur.
Qlobal praktika isə göstərir ki, ali instansiya üçün ayrıca hazırlıq mexanizmi hüquqi xidmət keyfiyyətini yüksəltmək, peşəkar nüfuz dərəcələrini göstərmək və məhkəmə nitqinin inkişafını təşviq etmək üçün effektiv vasitə ola bilər.