SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Bakının yaşıl ürəyi: Mərkəzi Nəbatat Bağı - FOTOREPORTAJ

Bakının yaşıl ürəyi: Mərkəzi Nəbatat Bağı - FOTOREPORTAJ

Bakı

Bakıda insanların sevimli istirahət məkanlarından biri olan Mərkəzi Nəbatat Bağı həm paytaxt sakinlərinin, həm də şəhərimizin qonaqlarının ən çox üz tutduğu ünvanlardandır. XX əsrin 30-cu illərində yaradılan və təxminən bir əsrə yaxın tarixə malik olan bağ bu gün də öz gözəlliyi və zəngin təbiəti ilə seçilir.

Yüzillik ağaclar, nadir bitkilər, rəngarəng çiçəklər və təmiz hava bu məkanı Bakının “yaşıl ağciyəri”nə çevirib. Xüsusilə yay aylarında bağın sərin və təravətli havası şəhərin səs-küyündən uzaqlaşmaq istəyən insanlar üçün əsl istirahət mühiti yaradır. Burada gəzərkən insan özünü sanki nağıl aləmində hiss edir, ətrafdakı təbiətin gözəlliyi bütün diqqəti özünə cəlb edir.

Yurd.Media-ya açıqlamasında Mərkəzi Nəbatat Bağının Oduncaqlı Bitkilər Laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Asif Mehrəliyev bildirib ki, bağ insan sağlamlığı və psixoloji rahatlığı baxımından xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, burada insanın ruhu dincəlir, mənfi fikirlərdən uzaqlaşır və təbiətlə vəhdət təşkil edir.

Dosent qeyd edib ki, son illərdə aparılan kompleks təmir-bərpa işlərindən sonra bağ daha da gözəlləşib. Ərazidə istixanalar, oranjeriyalar və digər obyektlər yenidən qurulub, bitkilərin qorunması və inkişafı üçün daha əlverişli şərait yaradılıb.

Asif Mehrəliyev vurğulayıb ki, dünyanın müxtəlif ölkələrindən bağa yeni bitki növləri gətirilir. Mərkəzi Nəbatat Bağının əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycan və dünya florasına aid bitkilərin öyrənilməsi, introduksiyası və qorunmasıdır.

Mərkəzi Nəbatat Bağının Oduncaqlı Bitkilər Laboratoriyasının müdiri Asif MehrəliyevMərkəzi Nəbatat Bağının Oduncaqlı Bitkilər Laboratoriyasının müdiri Asif Mehrəliyev

Bağın əsas elmi fəaliyyət istiqamətləri aşağıdakılardır:

- Introduksiya – yeni bitki növlərinin gətirilməsi;

- Aklimatizasiya – bitkilərin yerli iqlim şəraitinə uyğunlaşdırılması;

- Çoxaldılma – bitkilərin artırılması üsullarının öyrənilməsi;

- Reintroduksiya – nadir və ya məhv olmaq təhlükəsi altında olan növlərin təbii mühitə qaytarılması.

Müsahibimizin sözlərinə görə, bağ botaniki-coğrafi prinsiplər əsasında təşkil olunub. Burada müxtəlif iqlim qurşaqlarına məxsus bitkilər üçün xüsusi sahələr yaradılıb. Eyni zamanda Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitkilərinin qorunduğu xüsusi kolleksiya sahələri də mövcuddur.

Mərkəzi Nəbatat Bağında minlərlə bitki növü yetişdirilir. Burada həm dekorativ, həm dərman, həm də meyvə bitkilərinə rast gəlmək mümkündür. Sərv, şam, sidr, maqnoliya, palıd, ağcaqayın, zeytun, dəfnə, müxtəlif qızılgül növləri, subtropik və ekzotik bitkilər bağın zəngin kolleksiyasının bir hissəsidir.

Bağın ərazisində yalnız flora deyil, fauna da özünəməxsus ekosistem formalaşdırıb. Burada tülkü, çaqqal, dovşan, müxtəlif quş növləri, həşəratlar və digər canlılar yaşayır. İstirahət məqsədilə yaradılmış göldə isə müxtəlif balıq növlərinə rast gəlmək mümkündür.

40 hektardan artıq ərazini əhatə edən Mərkəzi Nəbatat Bağı genişliyi ilə də diqqət çəkir. Piknik və istirahət zonaları ailələrin və dost qruplarının rahat vaxt keçirməsi üçün əlverişli şərait yaradır.

Şəhərin tozundan, səs-küyündən və havasız mühitindən yorulan insanlar üçün Mərkəzi Nəbatat Bağı əsl təbiət ünvanıdır. Burada keçirdiyiniz bir neçə saat belə insanı gündəlik qayğılardan uzaqlaşdırır, ona yeni enerji və müsbət ovqat bəxş edir.

FOTO: Sadıq Əliverdibəyli

Mərkəzi Nəbatat Bağının Oduncaqlı Bitkilər Laboratoriyasının müdiri Asif Mehrəliyev
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları