Bakının Nəsimi rayonu, Novruzov qardaşları küçəsində antisanitar vəziyyət yaranıb. Yurd.Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, sakinlər buna səbəb kimi yaxınlıqdakı tikinti işlərini göstərir. Onlar deyir ki, ağır texnikalar infrastrukturu zədələyir.
Tikinti şirkətinin ərazini hasarlamaması zibillənməyə şərait yaradır. Sakinlərin bir qismi isə ərazini təmiz saxlamaqda maraqlı görünmür.
"Pilot 16" şirkəti səsləndirilən iddialara cavab verməyib. İcra Hakimiyyəti bildirib ki, şirkətə xəbərdarlıq olunub, ərazi söküntü zonasına daxildir. Hasarlama və konteyner qoymaq texniki baxımdan çətindir. Ətrafda təmizlik işlərinin aparılacağı qeyd edilib.