Ekspertlər paytaxtda yeni tikili binalarda bahalaşma dalğasının davam edəcəyini proqnozlaşdırır.
Yurd.Media xəbər verir ki, əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, Bakıda daşınmaz əmlak bazarında qiymətlərin kəskin artması müşahidə olunur.
Onun sözlərinə görə, qiymət artımı xüsusilə ümumi sahəsi kiçik olan mənzillərdə və köhnə tikili binalarda daha çox nəzərə çarpır.
Ekspert "Xəzər Xəbər"ə bildirib ki, yeni tikili binalarda da bahalaşma dalğasının davam edəcəyi gözlənilir:
“Bunun əsas səbəblərindən biri paytaxt Bakıda yeni çoxmənzilli yaşayış binalarının inşası üçün yararlı torpaq sahələrinin getdikcə azalmasıdır. Hazırda yeni tikili binalarda qiymətlər yerləşdiyi əraziyə görə dəyişir. Paytaxtın mərkəzi hissəsində bir kvadratmetrin qiyməti təxminən 4-7 min manat, mərkəzə yaxın ərazilərdə 2-4 min manat, şəhər kənarında isə 1.500-2.500 manat arasındadır. Köhnə binalarda isə qiymətlər, əsasən, bir kvadratmetr üçün 2.500-4 min manat arasında dəyişir”.