Bakının rayonlarında ötən il üzrə köhnə tikili mənzillərin qiymətləri üzrə baş verən dəyişiklik açıqlanıb.
"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti"nin (AQC) araşdırmasına görə, ən sürətli bahalaşma Yasamal (19,8%), Səbail (17,2%), Nəsimi (17%) və Nərimanov (16,2%) rayonlarında qeydə alınıb.
AQC sədri Vüqar Oruc Yurd.Media-ya bildirib ki, bu rayonlarda köhnə tikililərə marağın artmasına səbəb olan amillər yenidənqurma və söküntü gözləntiləri, mərkəzi yerləşmə, investisiya tələbinin yüksək olmasıdır.
Ən zəif artım dinamikasını isə Binəqədi (4,8%), Suraxanı (3,8%), Qaradağ (3,4%), Pirallahı (1,4%) rayonları nümayiş etdirib.
Vüqar Oruc vurğulayıb ki, qeyd olunan rayonlarda zəif artımın səbəbi mərkəzdən uzaqlıq, söküntü perspektivinin zəifliyi, alternativ torpaq bolluğudur.
“Mərkəzi rayonlar bahalı olsa da, gəlirlilik daha stabil görünür. Periferik rayonlar hələlik daha çox yaşayış yönümlüdür, investisiya tempi zəifdir”, - AQC sədri bildirib.

Yurd.Media-nın digər daşınmaz əmlak növlərinin qiymətləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Bakının rayonlarında torpaq sahəsi KƏSKİN BAHALAŞIB - QİYMƏT CƏDVƏLİ
- Bakıda fərdi yaşayış evlərinin ən çox bahalaşdığı rayonlar - QİYMƏT CƏDVƏLİ