Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2024/2025-ci tədris ili üzrə Məzun Günü keçirilib.
Yurd.Media xəbər verirdi ki, tədbirdə DQİDK sədri Ramin Məmmədov, Azərbaycan Respublikası Milli Məclisi Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Rəşad Məcid, dini konfessiyaların nümayəndələri, DQİDK yanında İctimai Şuranın üzvləri iştirak ediblər.
İnstitutun rektoru Aqil Şirinov çıxında bildirib ki, təxminən 300 tələbəsi olan ali təhsil ocağında 70 tələbəyə təqaüd verilir:
"Gələcəkdə bu sayın artması mümkündür. İnstitutumuzda keçirilən dördüncü məzun günündə buranı bitirən tələbələrimizin gələcəkdə savadlı kadrlar olacağına şübhəmiz yoxdur", - o bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov isə İlahiyyat İnstitutunun əsas məqsədinin düzgün dini təhsil olduğunu vurğulayıb:
"Əsas məqsədimiz təkcə dini təhsil vermək deyil. Biz Azərbaycan üçün din sahəsində çatışmazlıqları bərpa edə biləcək mütəxəssisləri elmi əsaslarla, qanunlara uyğun şəkildə yetişdirməkdir".
Tədbirdə çıxış edən tələbələr Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısının peşəkar mütəxəssislərin yetişdirilməsində mühüm rol oynadığını bildiriblər.
Çıxışlardan sonra İnstitutu yüksək göstəricilərlə başa vurmuş məzunların təltif edilməsi mərasimi keçirilib və bədii proqram təqdim olunub.
Həmçinin Məzun Günü proqramı çərçivəsində İslam incəsənəti dərnəyi sərgisi nümayiş olunub, Aİİ-nin müəllim və tələbələrdən ibarət özfəaliyyət kollektivinin ifasında musiqi proqramı təqdim edilib, I kurs tələbəsi Elvin Qurbanov tərəfindən Quran tilavəti səsləndirilib.