Bakıda “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar” mövzusunda beynəlxalq konfrans keçirilib.
Yurd.Media xəbər verir ki, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbiri açan Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc bildirib ki, Vətən müharibəsində əldə edilən Qələbə Azərbaycanın suverenliyinin və milli kimliyinin təntənəsi olub:
“Azərbaycanın taleyi öz torpaqlarında həll olunur. İndi ərazi bütövlüyümüz suverenliyimizin təminatıdır,” – deyə Zahid Oruc qeyd edib.
O vurğulayıb ki, “Konstitusiya və Suverenlik İli” təşəbbüsü də məhz Qələbənin siyasi nəticəsi kimi qəbul edilməlidir.

Konfransda Türkiyə, Qətər, Rumıniya, Tacikistan, Çin, Macarıstan və Polşadan nümayəndələr iştirak edib. Ümumilikdə 19 ölkədən 200-ə yaxın tədqiqatçı konfransa tezislər və təqdimatlarla qatılıb. Tədbirdə 145 yerli və xarici alimin elmi məqalələrindən ibarət 740 səhifəlik toplunun təqdimatı da olub.
İştirakçılar arasında çıxış edən Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev Azərbaycanın suverenliyə gedən yolunun çətin və eyni zamanda örnək bir model olduğunu qeyd edib:
“Azərbaycan tək Ermənistanla yox, onun simasında Rusiya ilə də mübarizə aparırdı".

Türkiyə İstanbul Universitetindən Prof. Dr. Fetih Gedikli öz çıxışında Türkiyənin hüquqi təcrübəsinə toxunub:
“Biz də tarixdə azadlıq mübarizəsi keçirdik. Konstitusiyanın qüvvəyə minməsi və qanunların tətbiqi bir neçə dəfə dəyişikliklərə uğrayıb.”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, milli maraqların qorunması hər bir ölkənin əsas hədəfi olmalıdır:
“Hesab edirəm ki, bizim də baxışımız belə olmalıdır. Cəmiyyətimizin böyük hissəsi milli maraqların qorunması üçün əlindən gələni edəcək.”

Parlament üzvü Erkin Qədirli Azərbaycan Konstitusiyasının sosial yönümlü və praktikliyə əsaslanan ruhuna diqqət çəkib:
“Konstitusiyanın işləməsi üçün siyasi ənənələr vacibdir. Azərbaycan xalqı öz zəhmətsevərliyi və müstəqillik duyğusu ilə bu ənənəni qoruyur.”
Tədbirdə həmçinin Macarıstan Beynəlxalq Əlaqələr İnstitutundan Laszlo Vasa və Polşalı alim Wallery Okulıcz Kozarin çıxış edərək Azərbaycanın suverenlik təcrübəsinin region üçün mühüm nümunə olduğunu bildiriblər.
Sonda konstitusiya tarixini əks etdirən videoçarx nümayiş etdirilib.