Zabrat yolunda da avtobusların sıxlıq halları ilə üzləşməməsi üçün xüsusi hərəkət zolağı çəkildi.
AYNA-dan Yurd.Media-ya bildirilib ki, hazırda xüsusi hərəkət zolağının təşkili Şəhər şosesində (Zabrat yolu) həyata keçirilir.
Sabunçu rayonunun bu ərazisində xüsusi hərəkət zolağının mövcudluğuna baxmayaraq, şosenin sonunda – yolötürücünün başlanğıcından Heydər Əliyev prospekti ilə kəsişməyədək zolaq mövcud deyildi. Bu da ictimai nəqliyyat vasitələrinin sıxlıq halları ilə üzləşməsinə səbəb olurdu.
Qeyd edək ki, ərazidə tikinti işləri aparılaraq yolun hərəkət hissəsi genişləndirilib. Nəticədə hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılıb və bununla da xüsusi hərəkət zolağı təşkil edilib.
Şəhər şosesində zolağın yaradılması ilə gün ərzində 17 müntəzəm marşrut xətti üzrə 160-dan çox avtobus rahat hərəkət edəcək.
İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırış edirik.


