Xızı rayonunda elektrik enerjisinin qanunsuz kəsilməsi ilə bağlı kərpic zavodu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı məhkəmə iddiası qaldırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən kərpic zavodunun elektrik enerjisi təchizatı “Giləzi Dartı” yarımstansiyasından çıxan 10 kv-luq “Kərpic zavod” hava elektrik verilişi xətti vasitəsi ilə həyata keçirilir.
İddiaya görə, “Kərpic zavod” hava xətti guya, istehlak olunmuş elektrik enerjisi borcuna görə yarımstansiyanın 10 kv-luq açarından heç bir xəbərdarlıq edilmədən elektrik enerjisi verilişi dayandırılıb.
Zavoddan Energetika Nazirliyinə müraciət edildikdən sonra həmin tarixdə elektrik enerjisinin verilişi bərpa edilib.
Lakin qiyməti 87 min ABŞ dolları olan (148 min manat) kərpic istehsalı üçün “Karadayı Makina Sanayi VP600 Vakum Pressi” aparatı sıradan çıxıb.
Buna görə zavod böyük miqdarda maddi ziyan dəyib, bu günə kimi fəaliyyətini bərpa edə bilmir.
İddiaçı zavod ASC-yə qarşı 56 min manat məbləğində maddi ziyan, 10 min manat məbləğində mənəvi zərər və digər xərclərlə bir yerdə 67 640 manat məbləğində pul vəsaitinin tutulamasını xahiş edib.
Sumqayıt Kommersiya Məhkəməsi iddia ərizəsini təmin etməyib. Bundan sonra iddiaçı apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.