SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Azərbaycanın dövlət başçısının həmkarları ilə görüşləri - FOTO

Azərbaycanın dövlət başçısının həmkarları ilə görüşləri - FOTO

  • 31 avqust 2026, 18:17

Azərbaycanın dövlət başçısının Bişkekdə bir sıra həmkarları ilə görüşləri baş tutub.

Yurd.Media xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkek şəhərində avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.

Dövlət başçısı Qazaxıstan Respublikasının yeni parlamentinə - Qurultaya keçirilən ilk seçkilərin uğurla baş tutması münasibətilə təbriklərini çatdıraraq qeyd etdi ki, bu, Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı islahatlara Qazaxıstan xalqının dəstəyinin növbəti nümunəsi idi.

Qazaxıstan Prezidenti dövlətimizin başçısının göndərdiyi təbrik məktubuna və Azərbaycandan olan müşahidəçilərin bu seçkilərdə fəal iştirakına görə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olundu, münasibətlərimizin dərinləşdirilməsində yüksək səviyyədə qarşılıqlı səfərlərin və təmasların önəmi vurğulandı. Nəqliyyat-logistika məsələləri müzakirə olundu, Orta Dəhlizin əhəmiyyətinə toxunuldu, bu istiqamətdə Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Dövlət başçıları Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitinin Bakıda keçiriləcəyinə də toxunublar.

Söhbət zamanı gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşü olub.

Yurd.Media xəbər verir ki, Məsud Pezeşkian dövlətimizin başçısı ilə görüşlərini və telefon danışıqlarını məmnunluqla xatırladıb, İranın üzləşdiyi bu çətin vəziyyətdə Prezident İlham Əliyevin mövqeyinin, nümayiş etdirdiyi dəstəyin, verdiyi başsağlığının, həmçinin Azərbaycan tərəfindən göstərilən humanitar yardımın İran dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulayıb, bütün bunlara görə bir daha minnətdarlığını bildirib.

Əlaqələrin inkişaf etdirilməsi üçün çox yaxşı imkanların olduğunu deyən İran Prezidenti Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlı olduqlarını qeyd edib.

Məsud Pezeşkian iki ölkə arasında əlaqələrin qardaşlıq və dostluq xarakteri daşıdığını vurğulayaraq İranın bütün qonşu ölkələrlə yaxşı münasibətlərə malik olmaq niyyətində olduğunu deyib.

Dövlət başçısı da öz növbəsində İranın üzləşdiyi bu şəraitdə Azərbaycanın yardımının qardaşlıq nümunəsi olduğunu vurğulayıb.

Prezident İlham Əliyev deyib ki, ölkəsi İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır.

Söhbət zamanı Azərbaycanla İran arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları