Orta Koridor sadəcə logistika xətti deyil, həm də regional birliyi, iqtisadi və siyasi stabilliyi möhkəmləndirən və uzunmüddətli inkişaf perspektivləri açan strateji layihədir.
Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşündə Azərbaycanın tam hüquqlu üzv kimi iştirak etməsi regionda yeni 5+1 formatını formalaşdırdı. Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında keçirilən bu görüş regionun strateji mənzərəsini ciddi şəkildə dəyişdirə bilər və eyni zamanda uzunmüddətli inteqrasiya perspektivlərini ortaya qoyur.
Bu görüş sadəcə diplomatik protokol deyil, həm Azərbaycan, həm də Mərkəzi Asiya dövlətləri üçün uzunmüddətli perspektivlər yaradan strateji bir platformadır və onun nəticələri siyasi, iqtisadi və mədəni sahələrdə dərindən hiss olunur. Siyasi baxımdan Azərbaycan artıq regional qərarların formalaşmasında aktiv rol oynayır, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında bir körpü funksiyasını həyata keçirir. Bu isə öz növbəsində ölkəyə həm diplomatik nüfuz, həm də strateji manevr imkanları qazandırır.
Qeyd etmək lazımdır ki, bu görüş Azərbaycanın strateji mövqeyini Bjezinskinin “Böyük şahmat taxtası” kitabında vurğuladığı konsepsiyanın praktik təsdiqi kimi ortaya qoyur. ABŞ politoloqu Azərbaycanı Xəzər dənizi və Mərkəzi Asiya regionlarına çıxan strateji körpü, yəni qlobal və regional geosiyasi axınların keçid nöqtəsi kimi təsvir etmişdi. 8 avqust 2025-ci il tarixli ABŞ bəyannaməsindən sonra Cənubi Qafqazda ABŞ-nin mövqeyinin güclənməsi və Azərbaycanla əlaqələrin dərinləşdirilməsi, 7 noyabrda Vaşinqtonda ABŞ Prezidenti Donald Trumpın Mərkəzi Asiya dövlət başçıları ilə tarixi görüşü, eləcə də 16 noyabr 2025-ci il tarixində Azərbaycanın Daşkənddə keçirilən 7-ci Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tam hüquqlu üzv kimi iştirakı və yeni 5+1 formatının yaradılması, Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya arasında strateji körpü rolunu konkret olaraq reallaşdırmasını təmin etdi. Bu proses ölkənin regional diplomatik nüfuzunu gücləndirməklə yanaşı, həm də iqtisadi, nəqliyyat və enerji sahələrində mərkəzi rola sahib olmasını şərtləndirdi.
Yeni format Mərkəzi Asiya dövlətləri üçün də önəmlidir, çünki onların regional inteqrasiya səyləri sistemləşir, strateji koordinasiya güclənir və xarici güclərlə yəni ABŞ, Çin, Rusiya ilə balanslı siyasət yürütmək imkanı artır.
İqtisadi baxımdan görüşün əhəmiyyəti xüsusilə Orta Koridor layihələrində Azərbaycanın mövqeyinin möhkəmlənməsi ilə ortaya çıxır, bu isə tranzit və nəqliyyat sahəsində ölkəyə strateji üstünlük verir. Regional investisiya fondlarının yaradılması, sənaye və ticarət əməkdaşlığı təşəbbüsləri Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında qarşılıqlı sərmayə axınına və iqtisadi inteqrasiyanın dərinləşməsinə imkan yaradır.
Orta Koridorun əhəmiyyətindən bəhs etmək lazım gələrsə Mərkəzi Asiya, Azərbaycan və Cənubi Qafqazı Avropa ilə birləşdirən strateji nəqliyyat və tranzit marşrutudur və onun əhəmiyyəti həm iqtisadi, həm strateji, həm enerji, həm də siyasi baxımdan böyükdür. İqtisadi cəhətdən, Orta Koridor Asiya ilə Avropa arasında malların daha sürətli, ucuz və təhlükəsiz daşınmasını təmin edir, tranzit gəlirlərini artırır, Azərbaycan üçün liman və logistika infrastrukturunun inkişafına imkan yaradır və ölkənin ticarət rəqabət qabiliyyətini gücləndirir.
Strateji baxımdan, koridor region ölkələrinə Çin, Rusiya və ABŞ kimi qlobal oyunçuların təsirinə qarşı manevr imkanları verir, həm enerji, həm də yük daşımalarında alternativ marşrut kimi çıxış edir.
Enerji təhlükəsizliyi baxımından isə qaz, neft və digər strateji resursların Avropaya və digər regionlara daşınmasına xidmət edir, bu da həm regional sabitliyi, həm də Avropanın enerji diversifikasiyasını təmin edir.
Eyni zamanda, Orta Koridor mədəni və siyasi baxımdan da vacibdir. Çünki ölkələr arasında əməkdaşlığı gücləndirir, regional inteqrasiyanı təşviq edir və Azərbaycan kimi ölkələr üçün diplomatik nüfuz və strateji rol yaradır. Bu marşrut sadəcə logistika xətti deyil, həm də regional birliyi, iqtisadi və siyasi stabilliyi möhkəmləndirən və uzunmüddətli inkişaf perspektivləri açan strateji layihədir.
Müəllif: Elnarə Əsgərova