Azərbaycanda İslam bankçılığı geniş vüsət alsa, gələcəkdə ölkədə ayrıca İslam banklarının yaradılması, hətta bu məsələdə regional mərkəzə çevrilməyimiz mümkündür.
Yurd.Media xəbər verir ki, bunu AZƏRTAC-a maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.
O qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bankçılıq məsələsində əsasən Qərb ölkələrinin təcrübəsini tətbiq edib.
“Bununla belə, ölkəmizdə yaşayan insanlar əsasən müsəlmanlardan ibarət olduğu üçün xeyli sayda vətəndaşımız var ki, faizsiz, şəriətə uyğun bank xidmətlərinə maraq göstərirlər. Üstəlik, son illər Azərbaycan İslam dünyası, o cümlədən Körfəz ölkələri ilə iqtisadi əlaqələrini genişləndirir, ölkədə halal iqtisadiyyatın, o cümlədən halal turizmin inkişafı istiqamətində müəyyən addımlar atılır. Bu da istər-istəməz bazarda İslam bankçılığına müəyyən tələb formalaşdırır”, - deyə Namiq Hüseynov vurğulayıb.
Onun sözlərinə görə, hazırda Azərbaycanda iki bank – “Azərbaycan Beynəlxalq Bankı” və “Rabitəbank” ASC-lər İslam bankçılığı çərçivəsində müəyyən xidmətlər göstərir:
“Onların innovativ məhsulları sınaq məqsədilə - Azərbaycan Mərkəzi Bankının xüsusi tənzimləmə rejimi (“sandbox”) çərçivəsində bazara çıxarılıb. Yəni, banklarımız hələ ki, şəriət qaydaları ilə xidmət göstərmək üçün ayrıca lisenziya almır. İslam bankçılığı sahəsində qanunvericilik bazası “İslam pəncərəsi” yanaşması ilə tənzimlənir. Amma bu müvəqqətidir, yəqin ki, ilin sonuna qədər İslam bankçılığı sahəsində xüsusi qanunvericilik bazası olacaq, yerli banklar təkcə şəriətə uyğun kredit verməyəcəklər, həm də depozit qəbul edəcəklər. Azərbaycanda İslam bankçılığı geniş vüsət alsa, gələcəkdə ölkədə ayrıca İslam banklarının yaradılması, hətta bu məsələdə regional mərkəzə çevrilməyimiz mümkündür”.