SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
70 illik ekran tarixi ilə gənc kadrların yetişdirilməsi: Azərbaycan Televiziyasından YUBİLEY REPORTAJI

70 illik ekran tarixi ilə gənc kadrların yetişdirilməsi: Azərbaycan Televiziyasından YUBİLEY REPORTAJI

Bakı

Bu gün Azərbaycan Televiziyası 70 illik fəaliyyətini qeyd edir. 1956-cı il fevralın 14-də ilk dəfə efirə çıxan milli televiziya bu illər ərzində ölkənin ictimai-siyasi və mədəni həyatının əsas informasiya tribunasına çevrilib.

Yurd.Media yubiley günü AzTV-də olaraq həm əməkdaşlarla, həm də Teleradio Akademiyasının tələbələri ilə həmsöhbət olub.

“Jurnalistika mənim üçün sadəcə peşə deyil, həyat tərzidir”

Azərbaycan Televiziyası nəzdində fəaliyyət göstərən “Sabah Yaradıcılıq” studiyasının redaktoru Günel Ayxan jurnalistikaya marağının uşaqlıqdan başladığını deyir. Onun sözlərinə görə, bu sahə onun üçün təsadüfi seçim olmayıb:

“Jurnalistika mənim üçün sadəcə ixtisas seçimi deyil, uşaqlıqdan formalaşan həyat tərzidir. Hələ 6-cı sinifdə oxuyarkən bu peşəni seçəcəyimə qərar vermişdim. Tarix, Ədəbiyyat və Təsviri İncəsənət kimi fənlər üzrə fərdi araşdırmalar apararkən bir gün jurnalist olacağımı təsəvvür edirdim”.

Universitet illərində müxtəlif təlim və təcrübə proqramlarında iştirak etdiyini bildirən Günel Ayxan hər zaman məhz televiziyada çalışmağı arzuladığını vurğulayır:

“Mənim üçün ekran sadəcə görüntü deyil, hər kadrı sənət əsəri kimi işlənən vizual hekayəçilik platformasıdır. Bu televiziya da məhz Azərbaycan Televiziyası idi”.

O qeyd edir ki, 2024-cü ildə AzTV-nin Teleradio Akademiyasına müraciət edib və 535 namizəd arasından seçim turlarını uğurla keçərək Akademiyanın müdavimi olub:

“Bu mənim üçün böyük şans idi. Akademiyada təhsil aldığım müddətdə universitetdə öyrəndiyim nəzəriyyəni praktika ilə təkmilləşdirdim və fəaliyyətimə yaradıcı istiqamətdə davam etdim. Mən həmişə jurnalistika ilə yaradıcılığı sintez etmək, hadisələrə fərqli prizmadan baxmaq istəmişəm”.

Gənc redaktor əlavə edir ki, AzTV-də fəaliyyət göstərmək onun üçün həm məsuliyyət, həm də qürur mənbəyidir:

“Bu doğma məkanda fəaliyyət göstərdiyim üçün bir gənc olaraq özümü çox şanslı və xoşbəxt hiss edirəm. AzTV bu gün təkcə yayım platforması deyil, zəngin ənənələrlə müasir enerjinin kəsişdiyi unikal bir məkandır. Gənc kadrların potensialına inanan və onlara öz dəst-xəttini yaratmaq imkanı tanıyan bu mühit bizim üçün ən böyük təcrübə məktəbidir”.

“Bu 70 ilin parçası olmaq mənim üçün şərəfdir”

Azərbaycan Televiziyasının informasiya proqramları studiyasının aparıcısı Cavid Sadıqov artıq 7 ildir ki, kanalda çalışır.

“İlk günlərim çox həyəcanlı idi. Peşəkar kollektivlə çalışacağımı bilirdim və hər tapşırığı mükəmməl yerinə yetirmək məsuliyyəti var idi”.

Onun sözlərinə görə, xəbər aparıcısı olmaq böyük məsuliyyətdir:

“Xəbər sferasının ab-havası çox ciddidir, burada səhvə yer yoxdur. Elə anlar olur ki, məlumat dərhal gəlir və saniyələr içində tamaşaçıya çatdırılmalıdır. Həmin məqamda stress yaşayırsan, amma özünü itirmək olmaz”.

Yubiley münasibətilə o vurğulayır:

“Bu 70 ilin bir parçası olmaq mənim üçün böyük şərəfdir”.


“Televiziya insanı daim inkişaf etdirməlidir”

AzTV xəbər saytının rəhbəri və redaktoru Rasim İsmayılov isə jurnalistikaya qəzetdən gəlib və 35 ilə yaxındır mətbuat sahəsində çalışır.

“Bu illərin yarısını qəzetdə, digər yarısını isə televiziyada keçirmişəm. Televiziyanın ab-havasını sözlə təsvir etmək çətindir.”

O bildirir ki, televiziya daim hərəkət və inkişaf tələb edir:

“Burada dayanmaq olmaz. Daim yenilənməli və inkişaf etməlisən.”

Rasim İsmayılov kollektivdə gənclərin üstünlük təşkil etdiyini qeyd edir:

“Gənclərlə işləmək insanı gəncləşdirir. Mən təcrübəmi onlarla bölüşürəm, onlardan isə yeni enerji alıram. Hər iki nəsil bir-birindən öyrənməlidir”.

Teleradio Akademiyasının tələbələri: gələcəyin ekran simaları

AzTV-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyası bu gün gənc kadrların yetişdirilməsində mühüm rol oynayır.

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin 3-cü kurs tələbəsi Xanım Pənahova televiziyaya marağının uşaqlıqdan başladığını deyir:

“Uşaqlıqdan televiziyaya böyük marağım olub. Burada təhsil almaq mənim üçün inkişaf və bacarıqlarımı daha geniş auditoriyaya təqdim etmək imkanıdır”.

O qeyd edir ki, montaj işinə xüsusi həvəsi var:

“Montaj sahəsinə çox maraqlıyam və burada bunu öyrənirəm. Ən böyük qazancım isə müəllimlərimizdir. Onlar bizə təkcə ixtisas dərsi yox, həyat dərsi də keçirlər”.

“Gələcəkdə idman xəbərlərinin aparıcısı olmaq istəyirəm”

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası məzunu Ramiq Sahiboğlu da Teleradio Akademiyasında təhsil alır.

“İlk gəldiyim gün həyəcan var idi. Amma əməkdaşlar bizi o qədər səmimi qarşıladılar ki, bu mənə böyük motivasiya verdi.”

O bildirir ki, burada sözə məsuliyyətlə yanaşmağı və peşəkar nitqi öyrənir:

“Gələcəkdə idman xəbərlərinin aparıcısı olmaq istəyirəm və bunun üçün burada təhsil alıram.”

Azərbaycan Televiziyası 14 fevral 1956-cı ildə ilk dəfə efirə çıxıb. İlk yayımda diktor Nəcibə Məlikova tamaşaçıları salamlayıb. Azərbaycan Radiosu isə 6 noyabr 1926-cı ildən fəaliyyət göstərir və ölkənin ən qədim media qurumudur.

Bu gün Azərbaycan Televiziyası yalnız bir kanal deyil, həm də peşəkar jurnalistlərin və gələcək media nümayəndələrinin yetişdiyi böyük bir məktəbdir.

70 il ərzində Azərbaycan Televiziyası nəsilləri birləşdirən, tarix yazan və gələcək kadrları yetişdirən böyük media ailəsinə çevrilib.

70 illik ekran tarixi davam edir – yeni səslər, yeni simalar və yeni nəsillərlə…

FOTO: Sadıq Əliverdibəyli

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları