SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Azərbaycan-Qırğızıstan müttəfiqliyi haqqında Müqavilə imzalandı

Azərbaycan-Qırğızıstan müttəfiqliyi haqqında Müqavilə imzalandı

  • 31 iyul 2026, 09:36

"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" imzalanıb.

Müqaviləni iki ölkənin prezidenti İlham Əliyev və Sadır Japarov imzalayıblar.

Yurd.Media "Azərtac"a istinadən Müqavilənin əhəmiyyətini nümayiş etdirən təhlili təqdim edir.

Azərbaycanın və Qırğızıstanın dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması hər iki ölkə arasında münasibətləri yeni mərhələyə daşıyır. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanan bu sənəd rəsmi Bakı ilə Bişkek arasında strateji tərəfdaşlığın daha yüksək səviyyəyə yüksəldilməsi baxımından mühüm siyasi hadisədir. Belə ki, müqavilə iki ölkə arasında mövcud olan siyasi etimadın, qarşılıqlı hörmətin və uzunmüddətli əməkdaşlıq iradəsinin hüquqi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin inkişafında da yeni mərhələnin başlanğıcını ifadə edir.

Sənədin əsas fəlsəfəsi dövlətlərin bərabərliyi, bir-birinin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, həmçinin qarşılıqlı maraqların nəzərə alınması prinsipləridir. Bu yanaşma Azərbaycanla Qırğızıstan arasında münasibətlərin yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, eyni zamanda, regional və beynəlxalq müstəvidə ortaq maraqlar əsasında inkişaf etdirilməsinə imkan yaradır. Tərəflərin bir-birinə qarşı yönəlmiş hər hansı bloklarda iştirak etməmək öhdəliyini təsdiq etməsi isə münasibətlərin qarşılıqlı etimad və suveren qərarvermə prinsiplərinə əsaslandığını göstərir.

Müqavilədə təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsi iki ölkə əməkdaşlığının strateji xarakterini bir daha ortaya qoyur. Sənədə əsasən, tərəflərdən birinin fikrincə, üçüncü dövlətlər tərəfindən silahlı hücum təhlükəsinin yarandığı vəziyyətdə onlar dərhal müvafiq məsləhətləşmələr aparacaq, vəziyyətin dinc yolla nizamlanmasına töhfə verəcək tədbirlərin görülməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərəcəklər. Bu əməkdaşlıq həm ikitərəfli əsasda, həm də Azərbaycanın və Qırğızıstanın üzv olduqları beynəlxalq təşkilatlar çərçivəsində həyata keçiriləcək. Eyni zamanda, tərəflərin beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini və milli qanunvericiliklərini nəzərə almaqla bir-birinə zəruri yardım göstərmək niyyətini ifadə etməsi təhlükəsizlik sahəsində qarşılıqlı dəstəyin əhəmiyyətini artırır.

Xarici siyasət, müdafiə və iqtisadi əməkdaşlığın genişləndirilməsi

Müttəfiqlik münasibətləri haqqında sənədin mühüm istiqamətlərindən biri də xarici siyasət sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsidir. Azərbaycan və Qırğızıstan ümumi maraq doğuran beynəlxalq məsələlər üzrə məsləhətləşmələr aparmaqla, beynəlxalq və regional təşkilatlarda qarşılıqlı dəstəyi daha da inkişaf etdirə bilərlər. Bu baxımdan iki ölkənin müxtəlif beynəlxalq platformalarda mövqelərinin yaxınlaşması, qarşılıqlı dəstək nümayiş etdirməsi və ortaq təşəbbüsləri təşviq etməsi münasibətlərin siyasi komponentini daha da gücləndirəcək.

Sənəddə hərbi və hərbi-texniki əməkdaşlığın genişləndirilməsinin nəzərdə tutulması da xüsusi əhəmiyyət daşıyır. Təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunması məqsədilə bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsi iki ölkənin müdafiə sahəsində təcrübə mübadiləsi aparmasına, müvafiq əlaqələrin genişləndirilməsinə, qarşılıqlı imkanların artırılmasına şərait yarada bilər. Xüsusilə müasir dövrdə təhlükəsizlik təhdidlərinin xarakterinin dəyişməsi, yeni çağırışların meydana çıxması və hibrid təhdidlərin artması dövlətlər arasında təhlükəsizlik sahəsində koordinasiyanın əhəmiyyətini daha da artırır.

Eyni zamanda, Azərbaycan-Qırğızıstan münasibətlərində parlamentlərarası əlaqələrin inkişafı da mühüm istiqamətlərdən biridir. İki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi siyasi dialoqun institusional əsaslarını möhkəmləndirəcək. Parlament diplomatiyası vasitəsilə qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin və qanunvericilik sahəsində əməkdaşlığın genişləndirilməsi xalqlar arasında mövcud olan dostluq münasibətlərinin daha da güclənməsinə xidmət edə bilər.

Müttəfiqlik sənədinin iqtisadi komponenti də kifayət qədər genişdir. Azərbaycan və Qırğızıstan energetika, bərpaolunan enerji mənbələri, nəqliyyat və logistika, yüksək texnologiyalar, peyk texnologiyaları, rəqəmsal inkişaf, kənd təsərrüfatı, dağ-mədən sənayesi və turizm kimi müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verirlər. Bu istiqamətlərdə əməkdaşlıq iki ölkənin iqtisadi potensialından daha səmərəli istifadə etməyə, yeni investisiya imkanlarının yaradılmasına və biznes əlaqələrinin intensivləşdirilməsinə imkan yaradacaq.

Energetika və xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq gələcək üçün perspektivli istiqamətlərdən biri hesab olunur. Dünyada yaşıl enerji keçidinin sürətləndiyi, enerji təhlükəsizliyinin milli və regional siyasətin əsas prioritetlərindən birinə çevrildiyi bir vaxtda Azərbaycanla Qırğızıstan arasında bu sahədə təcrübə və texnologiya mübadiləsinin genişləndirilməsi yeni imkanlar açır. Azərbaycanın enerji sektorunda formalaşdırdığı təcrübə, Qırğızıstanın isə hidroenerji potensialı iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırır.

Müqavilədə müasir dövrün təhlükəsizlik çağırışlarına qarşı birgə mübarizə məsələlərinə də geniş yer verilir. Beynəlxalq terrorizm, ekstremizm, separatizm, transmilli mütəşəkkil cinayətkarlıq, çirkli pulların yuyulması, kibercinayətkarlıq və insan alveri kimi təhdidlərə qarşı mübarizədə səylərin əlaqələndirilməsi və birləşdirilməsi nəzərdə tutulur. Bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsi iki ölkənin təhlükəsizlik qurumları arasında informasiya mübadiləsinin, təcrübə paylaşımının və qarşılıqlı fəaliyyətin gücləndirilməsinə imkan verə bilər. Xüsusilə kibertəhlükəsizlik və transmilli cinayətkarlıq kimi sərhəd tanımayan çağırışlar qarşısında dövlətlərarası koordinasiyanın əhəmiyyəti getdikcə artır.

Yüksək və peyk texnologiyaları sahəsində işbiriyi

Yüksək texnologiyalar və peyk texnologiyaları sahəsində əməkdaşlığın nəzərdə tutulması isə Azərbaycan-Qırğızıstan münasibətlərinin ənənəvi sahələrlə məhdudlaşmadığını, müasir iqtisadiyyatın və rəqəmsal transformasiyanın prioritet istiqamətlərini də əhatə etdiyini göstərir. Rəqəmsal texnologiyaların dövlət idarəçiliyindən tutmuş iqtisadiyyata, təhsildən kənd təsərrüfatına qədər bütün sahələrdə rolunun artdığı nəzərə alınarsa, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi iki ölkənin innovasiya potensialının inkişafına töhfə verə bilər.

Azərbaycanla Qırğızıstan arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə regional inteqrasiya baxımından xüsusi əhəmiyyət daşıyır. İki ölkənin ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin gələcək inkişafı və onların tranzit potensialının artırılması üçün zəruri hüquqi, iqtisadi və təşkilati şəraitin yaradılması nəzərdə tutulur. Bu yanaşma Azərbaycanı Mərkəzi Asiya ilə birləşdirən nəqliyyat və logistika əlaqələrinin daha da gücləndirilməsinə, region ölkələrinin dünya bazarlarına çıxış imkanlarının genişləndirilməsinə və Şərq-Qərb, eləcə də Şimal-Cənub istiqamətlərində nəqliyyat əlaqələrinin inkişafına əlavə stimul verə bilər.

Azərbaycanın coğrafi mövqeyi ilə yanaşı, son illərdə nəqliyyat infrastrukturuna yatırdığı investisiyalar ölkənin beynəlxalq logistika sistemində rolunu əhəmiyyətli dərəcədə artırıb. Qırğızıstanın Mərkəzi Asiyada yerləşməsi və regionun nəqliyyat əlaqələrinin inkişafında maraqlı olması isə iki ölkə arasında logistika əməkdaşlığının strateji əhəmiyyətini daha da artırır. Bu baxımdan Azərbaycanla Qırğızıstan arasında nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafı baxımından da mühüm nəticələr verəcək.

Tarixi və mədəni yaxınlıq münasibətlərin əsas dayağıdır

Azərbaycan-Qırğızıstan münasibətlərinin mühüm dayaqlarından biri xalqların tarixi, mənəvi və mədəni yaxınlığıdır. Hər iki ölkənin Türk dünyasının ayrılmaz hissəsi olması onların qarşılıqlı əlaqələrinin inkişafı üçün möhkəm mənəvi baza formalaşdırır. Müqavilədə mədəniyyət, təhsil, elm, səhiyyə, idman, ədəbiyyat, incəsənət və mədəni irs sahələrində əlaqələrin dərinləşdirilməsinə xüsusi önəm verilməsi bu yaxınlığın daha da möhkəmləndirilməsinə xidmət edir.

Təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsi gənc nəslin qarşılıqlı əlaqələrinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar, akademik əməkdaşlıq və təhsil proqramlarının inkişaf etdirilməsi iki ölkə arasında humanitar əlaqələrin uzunmüddətli perspektivdə daha da möhkəmlənməsinə şərait yarada bilər. Mədəniyyət və incəsənət sahəsində qarşılıqlı tədbirlərin keçirilməsi, tarixi və mədəni irsin qorunması istiqamətində birgə fəaliyyət isə xalqların bir-birini daha yaxından tanımasına və dostluq münasibətlərinin dərinləşməsinə imkan verəcək.

Müttəfiqlik münasibətləri haqqında Müqavilənin mühüm istiqamətlərindən biri də regionlararası əməkdaşlığın inkişafıdır. Azərbaycanın və Qırğızıstanın müxtəlif regionları arasında birbaşa əlaqələrin qurulması, həmçinin genişləndirilməsi iqtisadi, mədəni və humanitar münasibətlərin inkişafına əlavə imkanlar yarada bilər. Bu cür əməkdaşlıq xalqlar arasında təmasların artmasına, biznes dairələri səviyyəsində əlaqələrin genişlənməsinə və turizm potensialının daha səmərəli istifadəsinə xidmət edə bilər.

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində yeni mərhələ

Qırğızıstanla imzalanan müttəfiqlik sənədi Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə bu məzmunda imzaladığı üçüncü sənəddir. Azərbaycan ilə Qazaxıstan arasında 2005-ci il mayın 24-də "Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması, daha sonra 2022-ci il avqustun 24-də “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin qəbul edilməsi ölkələr arasında münasibətlərin yüksək səviyyəsini nümayiş etdirir. Bunun ardınca 2024-cü il avqustun 23-də isə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması Azərbaycanın Mərkəzi Asiya istiqamətində xarici siyasətinin ardıcıl xarakter daşıdığını göstərən mühüm addımlardan biri olub.

Azərbaycanın digər Mərkəzi Asiya ölkələri ilə münasibətləri də yüksək səviyyədə inkişaf edir. Belə ki, 2017-ci il avqustun 8-də “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin, 2024-cü il mayın 23-də isə “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin imzalanması region dövlətləri ilə əlaqələrin siyasi və hüquqi əsaslarının möhkəmləndirilməsinə mühüm töhfə verib. Beləliklə, Azərbaycan-Mərkəzi Asiya münasibətləri artıq ayrı-ayrı ikitərəfli əlaqələr çərçivəsindən çıxaraq çoxşaxəli və strateji xarakter daşıyan regional əməkdaşlıq modelinə çevrilir.

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq da mühüm rol oynayır. Ortaq tarixi, dil və mədəni dəyərlər iki region arasında əlaqələrin inkişafı üçün güclü baza formalaşdırır. Bununla yanaşı, iqtisadiyyat, nəqliyyat, enerji, rəqəmsal transformasiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin praktik məzmununu daha da zənginləşdirir.

Strateji tərəfdaşlıqdan müttəfiqliyə

Son illər Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin intensivləşməsi regionlararası əlaqələrin yeni geosiyasi reallıqlar fonunda əhəmiyyətini də artırır. Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoqun yüksək səviyyədə olması, qarşılıqlı səfərlərin və təmasların intensivləşməsi, iqtisadi və nəqliyyat layihələrinin genişlənməsi regionlar arasında daha sıx əməkdaşlıq üçün əlverişli imkanlar yaradır. Bu baxımdan Azərbaycanın və Qırğızıstanın müttəfiqlik münasibətlərinin rəsmiləşdirilmələri yalnız iki dövlətin əlaqələrinin yeni mərhələyə yüksəldilməsi deyil, həm də Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında strateji əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilə bilər.

Sənədin təhlükəsizlikdən xarici siyasətə, iqtisadiyyatdan nəqliyyata, energetikadan yüksək texnologiyalara, humanitar əlaqələrdən regionlararası əməkdaşlığa qədər geniş sahələri əhatə etməsi Azərbaycan-Qırğızıstan münasibətlərinin kompleks və uzunmüddətli inkişaf perspektivinə malik olduğunu göstərir.

Bu proses Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin sistemli şəkildə inkişaf etdirilməsi siyasətinin məntiqi davamıdır. Qazaxıstan və Özbəkistanla müttəfiqlik münasibətlərinin formalaşdırılmasından sonra Qırğızıstanla da bu səviyyədə sənədin imzalanması Azərbaycanın region dövlətləri ilə qarşılıqlı etimada, strateji tərəfdaşlığa və ortaq maraqlara əsaslanan münasibətlər qurmaq istiqamətində ardıcıl siyasət həyata keçirdiyini nümayiş etdirir. Türkmənistan və Tacikistanla strateji tərəfdaşlıq münasibətlərinin mövcudluğu da bu siyasətin bütövlükdə Mərkəzi Asiyanı əhatə edən genişmiqyaslı xarakter daşıdığını göstərir.

Beləliklə, Prezident İlham Əliyevin həyata keçirdiyi fəal və çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə siyasi, iqtisadi, nəqliyyat, energetika, təhlükəsizlik və humanitar sahələrdə əlaqələrini davamlı şəkildə genişləndirir. Bu münasibətlər həm Azərbaycanın regionda mövqeyinin möhkəmlənməsinə, həm də Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında daha sıx əməkdaşlıq məkanının formalaşmasına xidmət edir. Azərbaycan-Mərkəzi Asiya əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsi isə yeni iqtisadi və investisiya imkanlarının yaranmasına, nəqliyyat və logistika əlaqələrinin genişlənməsinə, xalqlar arasında tarixi və mədəni bağların möhkəmlənməsinə, eyni zamanda, regionlararası əməkdaşlığın daha yüksək səviyyəyə çatmasına mühüm töhfə verəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları