SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
7 yaşlı Yeni Sabah: Sadiq oxucuları ilə aydın sabahlara doğru

7 yaşlı "Yeni Sabah": Sadiq oxucuları ilə aydın sabahlara doğru

Bu gün "Yeni Sabah" xəbər portalının fəaliyyətə başlamasından 7 il ötür.

2019-cu il yanvarın 25-də oxucularla görüşə gələn portal siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, idman, şou və digər sahələrlə bağlı operativ informasiyalar yayır, bölgəmizdə və dünya baş verən mühüm hadisələrlə bağlı analitik məqalələr, şərh və ekspert rəyləri dərc edir.

Yenisabah.az saytının qurucusu və rəhbəri Elnur Məmmədli Yurd.Media ilə söhbətində bildirib ki, Azərbaycanda ən böyük rəqabətin olduğu sahələrdən biri media sahəsidir:

"Bu istiqamətdə həqiqətən də yeni xəbər portalı yaratmaq və özünə yer etmək olduqca çətindir. Eyni zamanda fərqlənmək də bir çox hallarda mümkünsüzdür. Çünki oxucular da bir çox hallarda yeniliyə açıq olmur. Daha çox standart, ənənəvi media təqdimatları öz populyarlığını saxlayır. Ona görə də biz də bu ənənəvilikdən çox kənara çıxmamağa çalışırıq. Burada oxucu auditoriyası toplamaq və onu əldə saxlamaq üçün yalnız daha keyfiyyətli xəbər yaymaq, eyni zamanda oxucunun istədiyini də vermək lazımdır. Düşünürəm ki, biz oxucunun nə istədiyini az-çox bilirik. Çünki elə özümüz də oxucuyuq. Bu baxımdan düşünürəm ki, Yeni Sabahın oxucuları bizdən o qədər də narazı deyillər".

Yenisabah.az saytının qurucusu Elnur MəmmədliYenisabah.az saytının qurucusu Elnur Məmmədli

Həmçinin o, müasir dövrdə sadiq oxucu sayının azalmasına baxmayaraq, saytın xeyli sayda oxucusu olduğunu bildirib:

"Sadiqliyin nadir təsadüf olduğu indiki zamanda həqiqətən də bizə sadiq olan xeyli sayda oxucumuz var. Onlara minnətdarlığımı bildirirəm və əmin olsunlar ki, onlara heç zaman xəyanət etməyəcəyik. Xəbərlər jurnalist üçün müqəddəsdir və bu müqəddəsliyə ləkə salmamağa çalışacağıq". 

Elnur Məmmədli portalın gələcək hədəfləri barədə də danışıb:

"Yeddi ildir ki, biz oxucularımıza xəbər təqdim edirik. Qarşıda daha da inkişaf etmək üçün təbii ki, arzularımız, planlarımız var. Bunu sadəcə proqram halına salmaq, imkanları götür qoy etmək və addım-addım o hədəfə doğru irəliləmək lazımdır. İnanıram ki, biz bunu bacaracağıq. İmkanlar genişdir, hər yer xəbərdir. Bizdən tələb olunan o xəbərləri tapmaq, oxucuya təqdim etməkdir. Bunun üçün bizim redaksiyada tələb olunan potensial var".

"Yeni Sabah"ın baş redaktoru İmdad Əlizadə isə Yurd.Media-ya açıqlamasında bildirib ki, burada əksəriyyəti gənclərdən ibarət olan peşəkar bir komanda çalışır:

"Kollektiv arasında çox yaxşı münasibətlər var. Ən əsas məsələlərdən biri də odur ki, "Yeni Sabah"ın baş direktoru Elnur Məmmədli uzun illərdir ki, jurnalistika sahəsində çalışan bir şəxsdir, jurnalistikanı, jurnalistin fəaliyyətini, xəbərin nə olduğunu bilir. Bu çox müsbət bir haldır. İşin effektiv təşkil olunmasına kömək edir. Bir baş redaktor kimi mənə istədiyim xəbərləri, yazıları yayımlamağıma şərait yaradır və bu mənim üçün çox önəmli məsələdir. Ona görə də Yenisabah.az-da özümü çox rahat hiss edirəm. Saytın fəaliyyəti yaxşı olsun deyə, əlimdən gələni etməyə çalışıram".

İmdad Əlizadə eyni zamanda medianın reklam bazarı haqqında danışarasq bildirib ki, bu gün mətbuata reklamın verən biznes subyektlərindən çox şey asılıdır: "Bu gün bizim müəyyən reklamlarımız var. Amma hesab edirik ki, bu hazırda ölkədə olan iqtisadi fəaliyyətlə uyğun gəlmir. Böyük şirkətlər reklam verməyə xəsislik edirlər. Ona görə də ümid edirik ki, gələcəkdə reklam bazarı daha da genişlənəcək və bu da bizim fəaliyyətimizin genişlənməsinə şərait yaradacaq".

"Yeni Sabah"ın baş redaktoru İmdad Əlizadə

Həmçinin baş redaktor aydın məqsədləri olan xəbər portalının sabahının da işıqlı olacağını vurğulayıb:

"Yenisabah.az sabahını çox gözəl görürəm. Çünki burada aydın məqsəd var - saytın indiki reytinqini qoruyub saxlamaq və daha da yüksəltməkdir. Azərbaycanda olan reytinq sisteminə baxsaq, Yenisabah.az hər zaman ön sıralarda yer tutur. Bizim məqsədimiz bunu daha da ön plana gətirməkdir.  Bunun üçün çalışırıq. Ümumilikdə öz sabahımı da Yenisabahda görürəm. Çünki burada yaxşı fəaliyyət üçün bir mühit var. Hədəflərimiz xəbərləri daha operativ yaymaq, mövzuları daha da genişləndirmək, eyni zamanda reklam bazarında yer tutmaqdır. Çox gözəl planlarımız var. Fikirləşirik ki, bunu Yenisabahın 8 yaşına çatanda, reallaşdırmış olacağıq. O zaman bu məsələlərlə bağlı daha geniş formada danışmağımız mümkün olacaq".

Yurd.Media saytının bütün kollektivi adından "Yeni Sabah"da çalışan həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları