“Bank BTB” ASC-nin aktivlərini və öhdəliklərini “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) ötürərək bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi əslində Azərbaycanın bank sektorunda konsolidasiyanın başlaması deməkdir.
Bunu Yurd.Media-ya açıqlamasında maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.
“Faktiki olaraq ABB “Bank BTB”ni aldı. Bu cür nümunələri yaxın illərdə yenidən görə bilərik. Azərbaycanda aktivlərinə, mənfəətinə görə rəqiblərindən əhəmiyyətli dərəcədə geri qalan kiçik banklar ən yaxşı halda böyük banklara birləşməklə, ən pis halda isə lisenziyalarının birbaşa ləğv edilməsi ilə bazarı tərk edəcəklər”, - deyə o qeyd edib.
N.Hüseynovun sözlərinə görə, ümumilikdə ölkədə bankların sayının azalması tendensiyası davam edəcək: “Yaxın illərdə Azərbaycanda bazara yerli kapitallı bankın daxil olması ehtimalı azdır. Xarici kapitallı banklara isə bir qayda olaraq yüksək dövlətlərarası münasibətlər çərçivəsində lisenziya verilir. Odur ki, bank sektorunda iştirakçıların sayı azalmaqda davam edəcək. 2030-cu ilə qədər bankların sayının hətta 15-ə düşməsi mümkündür”.