Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun keçmiş müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Yurd.Media xəbər verir ki, məhkəmə sənədlərin tədqiqi mərhələsinə başladığını elan edib.
Təqsirləndirilən Raqif Abbasovun vəkili vəsatət verərək, iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsini məhkəmədən xahiş edib.
Müşavirədən sonra məhkəmə tərkibi vəsatətin təmin olunduğunu və prosesin qeyri-müəyyən vaxta təxirə salındığını elan edib.
Xatırladaq ki, təqsirləndirilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tanınıb.
İbtidai istintaqda dəymiş ziyandan 100 min manatının ödənilməsi təmin edilib.