SÜJET
Kiberdələduzluq hallarının davamlı baş verməsi nəticəsində vətəndaşlardan hər ay 100 min manatlarla pul oğurlanır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli Yurd.Media-ya bildirib ki, internet resursları və sosial şəbəkələrdə vətəndaşların aldatma yolu ilə şəxsi və bank kartı məlumatlarının, daha sonra isə maddi vəsaitlərinin ələ keçirilməsi ilə bağlı polis orqanlarına müraciətlər daxil olur.
O bildirib ki, daxil olan müraciətlər əsasında polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır, belə əməlləri törədən şəxslərin yeri, hücum olan istiqamətlər müəyyən olunur:
"Araşdırmalar zamanı müəyyən edilib ki, vətəndaşlar naməlum xarici nömrələrdən gələn zəng və ya mesajlara inanaraq dəqiqləşdirmə aparmadan bank kartı hesabları ilə bağlı tanımadıqları şəxslərin istədikləri əməliyyatları yerinə yetirirlər. Yalnız sonradan məlum olur ki, onlar kiberdələduzların qurbanına çevriliblər.
Vətəndaşlara xatırladırıq ki, bank kartlarının üzərindəki CVV/CVC kodları, SMS-lə göndərilən OTP şifrələri məxfi məlumatlardır və üçüncü şəxslərlə bölüşülməməlidir. Bu məlumatların paylaşılması bank hesablarından pul vəsaitinin oğurlanmasına, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə səbəb ola bilər".
Lumu İsrəfilli qeyd edib ki, aparılan müşahidələrə əsasən belə əməlləri törədən şəxslərin əksəriyyətinin xaricdə olduğu müəyyən edilib ki, bu da onların məsuliyyətə cəlb olunmasını, zərərin ödənilməsini çətinləşdirir:
"Vətəndaşlara tövsiyə edirik ki, bu kimi hallardan zərər çəkdikdə, xüsusilə pul vəsaiti kartdan çıxarıldıqdan sonra dərhal polis orqanlarına və müvafiq bank qurumlarına müraciət etsinlər. Bir daha vətəndaşlara müraciət edərək diqqətli olmağa, naməlum nömrələrdən gələn zəng və mesajlara inanmamağa, şübhəli linklərə daxil olmamağa və bank kartı məlumatlarını heç bir halda paylaşmamağa çağırırıq".