Avtomobil almaq məqsədilə “RAHAT AUTO” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmiş bir qrup şəxs dələduzluq halı ilə qarşılaşıb.
Zərərçəkənlərin Yurd.Media-ya verdiyi məlumata görə, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, “RAHAT AUTO” Çindən avtomobil gətirilməsi öhdəliyini üzərinə götürüb. Müqavilə şərtlərinə görə, avtomobillər 60 gün ərzində təhvil verilməli, əks halda ödənilmiş vəsait sifarişçiyə geri qaytarılmalı idi.
Lakin sifariş tarixindən 6 aydan artıq vaxt keçməsinə baxmayaraq, avtomobillər təhvil verilməyib və ödənilən vəsait geri qaytarılmayıb. Vətəndaşlar bildirir ki, şirkət əməkdaşları bu müddət ərzində avtomobillərin gecikməsi ilə bağlı ziddiyyətli və əsaslandırılmamış izahatlar veriblər.

Zərərçəkənlərin sözlərinə görə, şirkətin direktoru Azər Cəfərzadə ilə telefon əlaqəsi saxlanıldığı zaman vəsaitin geri qaytarılmasından imtina edilib, daha sonra isə onunla əlaqə tamamilə kəsilib. Hazırda direktorun Çində olduğu bildirilir.
Şikayətçilər qeyd ediblər ki, ümumilikdə bir neçə vətəndaşa vurulan maddi zərərin məbləği 200 min manatdan artıqdır.
Məlumata görə, zərərçəkənlərdən bir neçəsi Azər Cəfərzadənin qeydiyyatda olduğu Lənkəran rayonuna gedərək ailə üzvləri – atası Vaqif Cəfərov və qardaşı Mehman Cəfərzadə ilə görüşüblər. Ailə üzvləri Azər Cəfərzadə ilə əlaqə saxlaya bilmədiklərini və bu məsələdə kömək imkanlarının olmadığını bildirərək, vətəndaşlara hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə ediblər.
Hazırda zərərçəkənlər tərəfindən Azər Cəfərzadə barəsində hüquq-mühafizə orqanlarına müraciət hazırlanır. Eyni problemlə üzləşmiş digər vətəndaşlardan da məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat vermələri xahiş olunur.
