Bakıda və iki rayonda keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
DİN-dən Yurd.Media-ya bildirilib ki, paytaxtın Binəqədi və Nizami, həmçinin Abşeron və Yevlax rayonlarında keçirilən tədbirlərlə əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş Nicat Həsənov, Mübariz Azayev, Hüseyn Vəliyev, Etibar Səlimov, Elşən Abdullayev və Şahin Abdullayev saxlanılıblar. Onlardan ümumilikdə 116 kiloqram narkotik vasitə və 9500 ədəd narkotik tərkibli həb aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxslərin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyənləşdirilib.
Belə ki, faktlarla bağlı cinayət işləri başlanılıb.
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.