Bakıda bacısının keçmiş ərinin üzərinə benzin töküb yandırmaqda ittiham olunan Məhərrəm Hüseynzadəyə hökm oxunub.
Yurd.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, M.Hüseynzadənin 18 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
İş üzrə təqsirli bilinən M.Hüseynzadəyə son söz verilib. O cinayəti törətmədiyini, keçmiş yeznəsinin öz üzərinə benzin tökərək özünü yandırdığını bildirib və məhkəmədən ona bəraət verilməsini xahiş edib.
Hakimlər müşavirədən qayıtdıqdan sonra hökm elan olunub. Hökmə əsasən M.Hüseynzadə 16 il müddətə azadlıqdan məhrum edilib.
Məlumat üçün bildirək ki, hadisə ötən il mayın 29-u gecə saat 1 radələrində ailə üzvləri ilə birlikdə yaşadıqları Nizami rayonu, Fərzəliyev küçəsi 2 ünvanında olan zaman, Məhərrəm Hüseynzadənin bacısının keçmiş əri Zəhmət Əhmədov sərxoş halda oraya gələrək, səs-küy yaradıb.
Bina sakinlərini narahat etməməsi üçün Məhərrəm onu oradan uzaqlaşdırmaq məqsədi ilə "BMW" markalı avtomobilə əyləşdirib. Yolda aralarında yaranmış mübahisə zamanı Zəhmət Əhmədovun söyüşlərindən hiddətlənərək maşını yanacaq doldurma məntəqəsinə sürüb. 1 litrlik plastik qaba yanacaq dolduran Məhərrəm Hüseynzadə onu Zəhmət Əhmədovun üzərinə töküb və od vurub. Zərərçəkən bir gündən sonra müalicə aldığı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində vəfat edib.

