Azərbaycanda ağır cinayətlər törətmiş 100-dən çox kriminal qrup ələ keçirilib.
Yurd.Media-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin 6 ayın yekunlarına həsr olunan kollegiya iclasında bildirilib ki, bu ilin ilk 6 ayı ərzində mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 288, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 104 kriminal qrup zərərsizləşdirilib.
Qeyd olunub ki, həmin müddətdə qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 70 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Eyni zamanda 3 088 odlu silah, 337 qumbara və 99 mindən çox patron aşkarlanıb.
Bundan başqa, diqqətə çatdırılıb ki, hesabat dövründə qeyri-leqal dövriyyədən ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 ton 360 kiloqram çox, yəni 4 ton 318 kiloqram narkotik vasitə çıxarılıb, qanunsuz kultivasiya edilən və yabanı halda bitən 254 tondan artıq çətənə və xaş-xaş kolu aşkarlanıb məhv edilib. Bu növ əməllərə görə 41 cinayətkar qrup zərərsizləşdirilib, 2.652 şəxs cinayət məsuliyyətinə cəlb olunub.