Qoyunçuluq və arıçılıq təsərrüfatlarının Kəlbəcər yaylaqlarına köçü müzakirə olunub

Qoyunçuluq və arıçılıq təsərrüfatlarının Kəlbəcər yaylaqlarına köçü müzakirə olunub

Kəlbəcər

Kəlbəcərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əkin üçün istifadəyə yararlı torpaqlarda zəruri infrastrukturun yaradılması, aqrar fəaliyyətin bərpası və inkişafı mövzusuna həsr olunmuş iclas keçirilib.

"Yurd.media" xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyevin iştirakı ilə keçirilən iclasda qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köç prosesinin təşkili, Kəlbəcərdə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə iştirak edən fermerlər aqrar sahənin inkişafı ilə bağlı fikirlərini bölüşüb, yaylaqlara köçün təşkili ilə bağlı təkliflər irəli sürüblər. Səsləndirilən təkliflər qeydə alınıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Nazir səfər çərçivəsində Kəlbəcər yaylaqlarında yaradılmış eksperimental yak təsərrüfatına baxış keçirib, təsərrüfatdakı yakların və yeni doğulmuş buzovların yerli şəraitə adaptasiya prosesi, yaklara qulluq qaydaları, yem rasionu, döl dövrünə hazırlıq, heyvan xəstəlikləri ətrafında fikir mübadiləsi aparıb.

Sonra nümayəndə heyəti Ağdərənin Umudlu kəndində əkin sahələrinə, xırdabuynuzlu heyvandarlıq təsərrüfatına baxış keçirib. Təsərrüfatda çalışanlarla görüşlərdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin əhəmiyyəti, aqrar sektorda innovativ texnologiyaların tətbiqi, müasir əkinçilik texnologiyalarına keçid, heyvandarlığın inkişafı, ixtisaslaşmış ətlik və südlük iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının vacibliyi, heyvandarlıqda yem təminatı barədə fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı, dövlət dəstəyi mexanizmlərinin ölkədə əsas məşğulluq sahəsi sayılan kənd təsərrüfatının inkişafına təkan verəcəyi bildirilib.