Hazırda dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barreli onun dövlət büdcəsində nəzərdə tutulmuş qiymətindən təxminən 2 dəfə baha - 120-130 ABŞ dollarına satılır. Bu, ölkənin valyuta ehtiyatlarının artması baxımından müsbət haldır və manatın məzənnəsinin uzun illər sabit qalmasını, başqa sözlə, devalvasiyanın olmamasını şərtləndirir.
Yurd.Media xəbər verir ki, bunu maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.
O məsələnin digər tərəfini də açıqlayıb:
"Amma başqa məsələ də var. Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən yarısı idxal hesabına formalaşır. Təkcə ötən il ölkəyə 24,4 milyard dollarlıq əmtəə və xidmət idxal olunub, əvvəlki ilə nisbətən bu istiqamətdə xərclərimiz 15,8% artıb".
Namiq Hüseynov qeyd edib ki, əmtəə birjalarında enerji daşıyıcılarının bahalaşması paralel olaraq ticarət tərəfdaşlarımız olan və qeyri-neft məhsullarını aldığımız ölkələrdə istehsal xərclərini də artırır, yəni bahalaşmaya səbəb olur:
"Son nəticədə bizim də idxalımız getdikcə baha başa gəlir".