Qurban Qurbanovdan çempionluq ŞƏRHİ

Qurban Qurbanovdan çempionluq ŞƏRHİ

  • 27 aprel 2025, 23:49

"İlk növbədə, futbolçularımı bir illik əziyyətdən sonra belə bir uğur əldə etdiklərinə görə təbrik edirəm. Bu, məni sevindirir. Çempionluğun sayı bəlkə çox görünür, amma buna baxmayaraq, komandanı istəkli saxlamaq, futbolçuların özlərinin istəkli olmaları çox vacibdir. Bu mövsüm də bunun şahidi oldum. Hər birinə təşəkkürmünü bildirirəm".

Yurd.Media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sabah" komandası ilə 1:1 hesablı heç-heçə edərək, 12-ci dəfə Azərbaycan çempionu olduqları oyundan sonra mətbuat konfransında deyib.

O, meydanda əsl çempionluq qarşılaşmasının getdiyini bildirib:

"Hər iki komandanın ifasında yaxşı oyun, sürət və dinamika var idi. Əlbəttə, belə çox gözəl ab-havaya malik stadionda oynamaq həmişə xoşdur. Azarkeşlərimiz də bu çempionluğu haqq etdilər. Çünki ilboyu yağışda, qarda, soyuqda bizimlə oldular. Elə bir oyun olmadı ki, bizi tək qoysunlar. Onları da təbrik edirəm".

O, futbolçurı motivasiyada saxlamağın asan olmadığını söyləyib:

"Onların istəyi və arzusu olmasa, bunu etmək çətin olar. İlk dəqiqələrdən sona kimi yaxşı mübarizə apardılar. Hər uğurun ilkləri daha ləzzətlu olur. Mən isə həmişə növbəti uğuru istəmişəm".

Qurbanov oyunda heyəti tam dəyişdiyini vurğulayıb: "Son matçlarda demək olar, eyni heyətlə oynayırdıq. Yorğunluq hiss olunurdu. Həm uşaqları qorumaq istəyirdim. Yükləmə olanda bərpa bir az zaman alır. Çoxdan oynamayan uşaqlar da dinamikanı qorumağa çalışdılar. Onlara təşəkkür edirəm. Hər çempionatda belə heyətlə oyunlarımız olur və onlar çempionluqda böyük pay sahibidir.

Baş məşqçi növbəti oyunlarda da rotasiya edə biləyəciyini istisna etməyib:

"Çalışıram ki, futbolçuların idman formasını saxlayım. Gedişata görə addımlar atacağıq".

Qurban Qurbanov komandasında mümkün köklü dəyişikliklər barədə danışıb: "Köklü dəyişiklik ağır gəlir. Duruma uyğun addım atmaq istəyirik. Hansı futbolçu ilə işləmişəmsə, onu göndərmək istəməmişəm. Onların əziyyətini görürəm. Buna görə kimisə göndərmək istəmirəm. Baş məşqçi kimi ayrılıqlar çətin gəlir. Komandaya yeni nəfəs vermək, aktivləşdirmək üçün imkanımız olsa, addımlar atacağıq. Heyətimizə yeni oyunçular qatmaq istəyirik. Bəzi gedən futbolçuların yeri boş qalıb. Qlobal dəyişiklik olacağını demək olmaz"