Yük maşınına çırpılaraq qəzaya uğrayan "Hyundai" markalı maşından qadın xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Hyundai" markalı minik avtomobilinin yol kənarında park edilmiş yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1963-cü il təvəllüdlü Əliyeva Böyükxanım Böyükağa qızını xilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.