Paytaxtın mərkəzində 6 nəfərin zəhərlənməsi ilə nəticələnən yanğın söndürüldü.
Yurd.Media xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada baş vermiş yanğın Fövqəladə Halar Nazirliyinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Binada arakəsmələrin taxta konstruksiyalardan ibarət olmasının alovun yayılma riskini artırması və yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirməsinə baxmayaraq, yanğınsöndürənlərin peşəkarlığı sayəsində yanğının genişlənməsinə imkan verilməyib.
Təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar FHN qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
TƏBİB-dən bildirilib ki, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 kişi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara dərhal zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Tüstüdən zəhərlənmə diaqnozu təyin edilən şəxslərin vəziyyəti stabil qiymətləndirilir və müalicələri Toksikologiya şöbəsində davam etdirilir.
4 nəfərə (1 qadın, 3 kişi) isə stresə qarşı və tüstüdən zəhərlənmə ilə əlaqədar yerində yardım olunub.