SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Mingəçevirdə partlayışa səbəb olan “Azəriqaz”ın əməkdaşı da amnistiyaya düşdü

Mingəçevirdə partlayışa səbəb olan “Azəriqaz”ın əməkdaşı da amnistiyaya düşdü

  • 26 dekabr 2025, 10:37
Mingəçevir

Mingəçevirdə 55 yaşlı qadının ölümü ilə nəticələnən partlayışa görə azadlıqdan məhrum etmə cəzası alan “Azəriqaz” İstehsalat birliyinin Mingəçevir Xidmət Sahəsinin Qəza Dispetçer Xidmətinin xətt baxıcısı Rahim Quliyev də amnistiyaya düşüb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Şəki Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib və Rəhim Quliyevin barəsində Milli Məclisin 19 dekabr 2025-ci il tarixli amnistiya haqqında qərarı tətbiq edilib. 

Xatırladaq ki, hadisə Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci bağ küçəsində baş vermişdi. 

Orada yerüstü çəkilmiş polad qaz xəttinin fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı keçən hissəsində korroziya nəticəsində yaranmış dəlikdən sızan təbii qaz Sevinc Qəmbərovaya məxsus fərdi yaşayış evinə dolub. 

28 dekabr 2021-ci ildə, saat 10 radələrində Sevinc Qəmbərovanın evin işıqlarını yandırarkən yaranmış qığılcımın təsirindən alışaraq partlayış baş verib. 

Nəticədə evin sahibi, 55 yaşlı Sevinc Qəmbərova, 1992-ci il təvəllüdlü İlkin Məmmədov və qonşu evdə yaşayan 1997-ci il təvəllüdlü Aynurə Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Sevinc Qəmbərovaya tibbi yardım göstərilməsinə baxmayaraq o, 2022-ci il yanvarın 4-də vəfat edib. 

İstintaq araşdırması zamanı məlum olub ki, baş verən hadisə “Azəriqaz” İstehsalat birliyinin Mingəçevir Xidmət Sahəsinin Qəza Dispetçer Xidmətinin xətt baxıcısı Rahim Quliyevin məsuliyyətsizliyi səbəbindən baş verib. 

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən Rahim Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 

Mingəçevir Şəhər Məhkəməsində keçirilən iclasda çıxış edən zərərçəkmişlər, zərərçəkmişlərin hüquqi varisləri təqsirləndirilən şəxsdən şikayətçi olmadıqlarını deyiblər. Onlar mülki iddialarının “Azəriqaz” tərəfindən ödənilməsini istəyiblər. 

Məhkəmənin hökmü ilə Rahim Quliyevə irəli sürülən ittiham sübuta yetirilməyib və bəraət verilib. 

Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib. O, Mingəçevir Şəhər Məhkəməsinin 3 may 2023-cü il tarixli hökmü ləğv edilməsini, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinməsini və ona təklif etdiyi həddə əsas və əlavə cəza təyin edilməsini istəyib. 

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısının protesti qismən təmin edilib. 

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinib və ona 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər, maddi və texniki-təhlükəsizlik sahəsində vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib. 

Rahim Quliyevin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. 

Bu qərardan müdafiə tərəfi kasasiya şikayəti verib. Şikayət araşdırılması üçün Ali Məhkəməyə daxil olub və araşdırılması üçün hakim Şahin Yusifovun icraatına verilib. 

Məhkəmə təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilən kasasiya şikayətini təmin etməyib. 

Amma Şəki Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib və Rəhim Quliyevin barəsində Milli Məclisin 19 dekabr 2025-ci il tarixli amnistiya haqqında qərarı tətbiq edilib. 

Qərardan çıxarış icra olunması üçün Penitensiar Xidmətə göndərilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları