SÜJET
Binəqədi rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən şəxsin kimliyi məlum olub.
Yurd.Media xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli məlumat verib.
O bildirib ki, "Hyundai" markalı avtomobilin yol kənarında dayanan sərnişin avtobusuna çırpılması nəticəsində bir nəfər həyatını itirib:
"Mirqafar Natiq oğlu Süleymanov idarə etdiyi 77-QE-239 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil ilə yolun kənarında dayanmış sərnişin avtobusuna çırpılıb. Hadisə nəticəsində sürücü - Mirqafar Natiq oğlu Süleymanov vəfat edib. Faktla bağlı araşdırma aparılır".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən isə bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə mayın 30-da saat 09:20-də Binəqədi rayonu, 6-cı Mikrorayon, Svetlana Məmmədova küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar çağırış daxil olub. Hadisə yerində bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
*** 12:09
Bakı şəhəri, Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Yurd.Media Oxu.Az-a istinadən xəbər verir ki, 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsində qeydə alınan hadisədə "Hyundai Elantra" markalı avtomobil ilə 05-AAU-107 dövlət nömrə nişanlı avtobus toqquşub.
Qəza nəticəsində avtomobil yararsız hala düşüb. Minik avtomobilinin sürücüsünün həlak olduğu bildirilir.
Hadisə yerinə polis və Fövqəladə Hadisələr Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.