Azərbaycanda mayda ən çox yağıntı aylıq normanın 749 faizi olmaqla Bakı və Abşeron yarımadasına düşüb.
Milli Hidrometeorologiya Xidmətindən Yurd.Media-ya bildirilib ki, Bakı və Abşeron yarımadasında may ayında havanın temperaturu iqlim norması ilə müqayisədə 22 gün normadan yuxarı, 9 gün isə normadan aşağı müşahidə edilib, orta aylıq temperatur 18°C isti təşkil edib ki, bu da iqlim normasından 1°C yuxarıdır.
Yarımadada maksimal temperatur mayın 13-də 32°C isti (Maştağa), bölgələrdə isə mayın 28-də 33°C isti (Kürdəmir) təşkil edib.
Minimal temperatur isə Bakıda və Abşeron yarımadasında mayın 5-də 9°C isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə mayın 9-da 2°C şaxta (Şahdağ) olub.
May ayı ərzində bəzi günlərdə hava şəraiti fasilələrlə yağıntılı keçib, dağlıq ərazilərdə sulu qar və qar yağıb. Bəzi ərazilərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Ümumilikdə, bölgələr üzrə 31 gün yağıntılı hava şəraiti müşahidə edilib. Ən çox yağıntı aylıq normanın 749 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı – 148 mm), aylıq normanın 199 faizi olmaqla Balakən–Şəki zonasına (Kişçay-Şəki – 206 mm) və aylıq normanın 265 faizi olmaqla Lənkəran–Astara zonasına (Biləsuvar – 85 mm) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü mayın 9-da Şahdağda 9 sm qeydə alınıb.