Lift və eskalatorların quraşdırılmasını həyata keçirən “İkma Servises” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) barəsində inzibati protokol tərtib edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “İkma Servises” MMC tərəfindən 41,5 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.
"Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində törətdiyi inzibati xətanın obyekti olmuş 41,5 min ABŞ dolları məbləğində valyuta vəsaitinin iyirmi faizi miqdarında, yəni 8,3 min ABŞ dolları məbləğində cərimə edilib.
Qərardan “İkma Servises” MMC-nin direktoru apellyasiya qaydasında şikayət verərək iş üzrə icraata xitam verilməsini xahiş etsə də, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.
Qeyd edək ki, “İkma Servises” MMC 2005-ci ildən lift, eskalator, avtomatik qapı sistemləri və mühəndislik xidmətləri sahəsində fəaliyyət göstərir. Şirkətin direktoru Əmrah Kərimovdur.
Xatırladaq ki, bu qrupa daxil olan və ağır tikinti texnikalarının satışı və servisi ilə məşğul olan “İkma Machinery” MMC də bu il ölkə ərazisinə daxil olan yüklə bağlı qısa idxal bəyannaməsi təqdim etmədiyinə görə Xətai Rayon Məhkəməsi tərəfindən cərimələnmişdi.