“İkma Machinery” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş raporta əsasən, “İkma Machinery” MMC-nin ünvanına 2026-cı ildə Beynəlxalq Dəniz Ticarəti Limanı gömrük postundan keçməklə ölkə ərazisinə daxil olan yüklə bağlı qısa idxal bəyannaməsi təqdim edilməyib.
Həmçinin, qısa idxal bəyannaməsinin təqdim edilməməsi şirkət tərəfindən təqdim edilmiş gömrük bəyannaməsinin 40-ci grafasında da öz əksini tapıb.
Ağır tikinti texnikalarının satışı və servisi ilə məşğul olan “İkma Machinery” barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati protokol yazılıb və baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə şirkət 250 manat cərimə olunub.
Qeyd edək ki, 2021-ci ildə yaradılan “İkma Machinery”nin nizamnamə kapitalı əvvəlcə 340 min manat olub, lakin sonradan kapital 273 min manat geri çəkilərək 67 min manata salınıb. Şirkətin direktoru Şahin Eldarovdur.