2027-ci il Azərbaycanla Müqəddəs Taxt-Tac arasında diplomatik əlaqələrin qurulmasının 35 illiyi, Ümummilli Lider Heydər Əliyevlə Müqəddəs İohann Pavel arasında ilk görüşün 30-cu ildönümü qeyd olunacaq.
Yurd.Media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikanda Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leo ilə görüşdə Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurası adından dəvət məktubunu təqdim edib.
Papa XIV Leo Azərbaycandakı dini konfessiyaların birlikdə Vatikana gəlməsini sülh, insan qardaşlığı mühitində birgəyaşayışın mümkünlüyünün ən gözəl nümunəsi olaraq yüksək dəyərləndirib.
QMİ sədri qeyd edib ki, Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələrinin inkişafına qarşılıqlı dövlət səfərləri, dövlət rəsmiləri və multikultural dini ictimaiyyət nümayəndələri ilə məhsuldar və səmərəli görüşlər böyük töhfə verir:
"Müqəddəs Taxt-Tacla Azərbaycan arasında dövlətlərarası münasibətlərin inkişafının dinlərarası əlaqələrimizin dərinləşməsinə rəvac verməsi təqdirolunası haldır. Dini mərkəzlər - Vatikanla QMİ arasında onilliklərə dayanan, Uca Yaradanın buyurduqlarına istinadən səmərəli dini-mənəvi münasibətlər dünya miqyasında dinlərarası dialoq prosesinə töhfə olan örnək nümunədir".
QMİ sədri qeyd edib ki, Azərbaycan və Ermənistan siyasi liderlərinin regionda sülh üçün böyük, davamlı səylər göstərdiyi bir zamanda erməni kilsəsinin bu prosesi tanımaması, Uca Yaradana xoş gedən sülhü dəstəkləməməsi təəssüf doğurur. Revanşist mövqedən çıxış edən erməni kilsəsinin dini abidələrinin dağıdılması ilə bağlı yaydığı məlumatların doğru olmadığını, Bakının mərkəzi hissəsində erməni kilsəsinin mövcudluğunu qeyd edən Şeyxülislam A. Paşazadə Pontifikin Azərbaycana səfəri zamanı bu reallıqları bilavasitə müşahidə edə biləcəyini vurğulayıb.
Görüşdə çıxış edən Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete Azərbaycanda fəaliyyət göstərdiyi 17 il ərzində ölkədəki dinlərarası münasibətlərin yüksək səviyyəsindən bəhs edib.
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev Azərbaycanda hökm sürən etnik-dini harmoniya mühitindən və multikulturalizm modelindən bəhs edib.
Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili multikultural Azərbaycanda alban-udilərin tarixi dini-mədəni irsinin qayğı ilə qorunub saxlanılmasından, dini abidələrinin Heydər Əliyev Fondu tərəfindən bərpa edilməsindən danışıb, Müqəddəs Ana kilsəsinin şəklini hədiyyə olaraq gətirdiyini bildirib.
Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev, həmçinin, Azərbaycandakı tolerantlıq mühiti barədə məlumat verib.