SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
“Yura dövrü parkı” xəyalından genetik reallığa: nəsli tükənənləri geri qaytarmaq ümidləri və çətinlikləri

“Yura dövrü parkı” xəyalından genetik reallığa: nəsli tükənənləri geri qaytarmaq ümidləri və çətinlikləri

“Bir damcı qan” mifindən başlanğıc

Stiven Spilberqin “Jurassic Park” (Yura dövrü parkı) filmi (1993) Mesozo­y dövrünə aid bir milçəyin qanındakı DNT ilə 65 milyon il əvvəl məhv olmuş dinozavrları yenidən yaratma ideyasını populyarlaşdırdı. Lakin müasir genetiklər vurğulayırlar ki, amber poroz materialdır və DNT-ni bu qədər uzun müddət mükəmməl qorumaq mümkün deyil, tapılan parçalanmış molekullar isə rekonstruksiyaya kifayət etmir. Beləliklə, film real elmdən çox, insan xəyalının gücünü simvolizə edir.

"Revive & Restore": “Yaradan” yox, “bərpa edən” olmaq

2012-ci ildə ABŞ-da qurulan "Revive&Restore" qeyri-hökumət təşkilatı özünü “genetik xilasetmə”yə həsr edir: məqsəd nəsli kəsilməkdə olan növlərin gen banklarının genişləndirilməsi və lazım gəldikdə “məhdud de-extinction” tətbiqidir. Məsələn, "Passenger pigeon" və "Heath hen" kimi quşların genomu yaxın qohum növlərlə müqayisəli şəkildə yenidən qurulur; laboratoriyada cütləşdirilən hüceyrələr daha sonra surroqat toyuq və ya qohum quşlara köçürülür. Dəstəkçilər bunu ekosistemləri bərpa yolu saysa da, tənqidçilər “əlavə konservasiya xərcləri” və “həll olunmamış yaşayış mühiti” risklərini qabardır.

“How to Clone a Mammoth” – Bet Şapironun yol xəritəsi

Oksford paleogenomika mütəxəssisi Bet Şapiro 2016-cı ildə “How to Clone a Mammoth” ("Mamontu necə klonlaşdırmaq olar") kitabında prosesi yeddi mərhələyə bölür:

1. Yaxşı konservasiya olunmuş DNT seçimi

2. Genomun deşifrəsi və boş “ərazilərin” doldurulmasığ

3. “Redaktə şablonu”nun – yəni yaşar donor növ (məsələn, Asiya filləri) genomu üzərində CRISPR-lə dəqiqləşməsi

4. Redaktə olunmuş hüceyrələrin embriona çevrilməsi

5. Surroqat ana seçimi

6. Doğum və nəzarət

7. Ekoloji reinteqrasiya və davranış öyrənilməsi

Şapironun əsas mesajı isə belədir: elmi mümkün olan ilə etik cəhətdən məqsədəuyğun olan arasında fərq var. Resurs azlığında “mövcud növlərin qorunması birinci yerdə qalmalıdır”.

Corc Çörç (George Church) və “Arktik Fil” layihəsi

Harvard genetikçisi Corc Çörç və “Colossal Biosciences” komandası Asiya fili genomuna 60-dan çox əsas “mamont geni” (qalın xəz, yağ təbəqəsi, hemoglobin adaptasiyası və s.) əlavə edərək “soyuğa dayanıqlı fil” yetişdirməyə çalışır.

Şirkət 2025-ci ilin yazında fil fibroblastlarının “embriyon-bənzər” vəziyyətə keçirildiyini və ilk süni embrionların CRISPR testindən keçdiyini açıqladı. 2028-ci ilə qədər canlı buzlaq fillərinin doğulması hədəflənir. Çörç, “yenidən çölləşdirilmiş” sürülərin Sibirdə tundra otlaqlarını ayaqda saxlayaraq permafrostdan metan buraxılmasını azaldacağına inanır.

Etik suallar: “Bərpa”nın hüdudları

Nəsli tükənən heyvanların geri qaytarılması özü ilə bir sıra etik suallar da doğurur. Hər şeydən əvvəl bu ekosistem uyğunluğu ilə bağlıdır. Yəni yaşayış mühiti dəyişmişsə, geri gətirilən növ harada, necə yaşayacaq?

Digər etik sual heyvan rifahına aiddir. Çünki genetik mozaika embrionlarda sağlamlıq risklərini artıra bilər.

Prioritetlərə gəlincə, görəsən, resurslar kritik dərəcədə təhlükədə olan canlılara yönəldilməlidirmi?

Bir də məsələni hüquqi boşluqlar tərəfi vardır. Beynəlxalq konvensiyalar yeni “yarım süni” növləri necə tənzimləyəcək?

Dinozavrları yuxuda, mamontu labaratoriyada, təbiəti isə yer üzündə qorumaq

"De-extinction" texnologiyası artıq fantastika deyil, amma hələ “genetik möcüzə düyməsi” də deyil. Spilberqin milçəyində uyuyan dinozavr xəyalı elmə ilham verib, "Revive & Restore" kimi təşəbbüslər təbiətin “sığorta polisini” yazmağa çalışır, Şapiro metodik çərçivə, Çörç isə cəsarətli mühəndislik təklif edir. Lakin həm alimlər, həm də fəallar razılaşırlar ki, itirdiklərimizi geri qaytarmaqdan daha asanı – mövcud biomüxtəlifliyi itirməməkdir. Nəsli tükənmiş  “keçmiş”ə boylanmaq yenə də “bugün”ü qorumadan keçməlidir.

Hüquqşünas Yunis XəlilovHüquqşünas Yunis Xəlilov

Prime Leasing