İstanbulda güclü zəlzələ: Xəsarət alanların sayı artdı - YENİLƏNİB + VİDEO

İstanbulda güclü zəlzələ: Xəsarət alanların sayı artdı - YENİLƏNİB + VİDEO

  • 23 aprel 2025, 21:47

Bu gün İstanbul və ətraf ərazilərdə baş vermiş zəlzələ nəticəsində təxminən 240 vətəndaş xəsarət alıb.

Yurd.Media "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu məlumat verib.

Nazir Fövqəladə Hallar İdarəsinin operativ qərargahında çıxışı zamanı bildirib ki, xəsarət alanların əksəriyyətinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.

"Ümumilikdə 236 vətəndaşımız zəlzələ nəticəsində, əsasən panikaya qapılıb evlərini tərk edərkən xəsarət alıb. Bunlardan 173-ü birbaşa İstanbuldadır", - deyə nazir qeyd edib və əlavə edib ki, onlara yerində tibbi yardım göstərilib.

Türkiyənin ekologiya və şəhərsalma naziri Murad Kurum isə açıqlamasında bildirib ki, zəlzələdən sonra 378 binada struktur zədələri ilə bağlı qaynar xəttə müraciət daxil olub.

Nazir əlavə edib ki, təhlükəsizlik tədbiri olaraq 12 binadan sakinlər təxliyə edilib.

14:20

Türkiyənin İstanbul şəhərində zəlzələ baş verib. Yeraltı təkanların 6.2 gücündə olduğu vurğulanıb.

Yurd.Media xəbər verir ki, hadisə ilə bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ episentri Silivriyə 25.54 km məsafədə yerləşib. Təkanlar Silivri, Beylikdüzü və Esenyurtda hiss edilib.

Qeyd edək ki, bundan əvvəl 4 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ ilə əlaqədar İstanbul sakinləri sosial media hesablarında paylaşımlar edərək narahatlıqlarını ifadə ediblər.